Bakı, 27 may, AZƏRTAC
Bu gün Xorvatiyanın Rovin şəhərində Dünya Turizm Təşkilatının (DTT) 100-cü sessiyası işinə başlayır. Azərbaycanı bu tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda DTT-nin baş katibinin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyllər, təşkilatın maliyyə durumu, fəaliyyət proqramının icrası və digər məsələlərlə bağlı məruzəsi dinləniləcək.
“Turizmdə innovasiya: mövsümlüyə üstün gəlməyin yeni yolları” devizi altında reallaşan builki sessiyada müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən edilməsidir.
Dünya Turizm Təşkilatının 100-cü sessiyası mayın 29-dək davam edəcək.