Əliyev və Ərdoğanın əməkdaşlıq təklifinə Putin maraqlıdır -

''Dekabrın 10-da keçirilən Zəfər paradında Azərbaycan və Türkiyə liderləri tərəfindən verilən mesajlar, eyni zamanda Azərbaycanla Türkiyə arasında imzalanan sənədlər təkcə region üçün deyil, ümumilikdə dünya üçün yeni əməkdaşlıq və birgəyaşayış platfomasının formalaşmasına səbəb ola bilər''.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə iki ölkə arasında vizadan azadetmə haqqında sazişə dəyişiklik haqqında protokol yeni platformanın formalaşması üçün praktiki addımlardan biri hesab edilə bilər. Bu həm Azərbaycana, həm də Türkiyəyə böyük iqtisadi üstünlüklər qazandıracaq, Türk dünyasının bu iki əsas dövləti arasında inteqrasiyanı daha da gücləndirəcək.

Sitat: “Təhlillər göstərir ki, Azərbaycan və Türkiyə liderləri tərəfindən region dövlətlərinə təklif olunan əməkdaşlığın reallaşmasında Rusiya tərəfi də maraqlıdır. Gizli deyil ki, rus siyasi elitasında Avrasiyada slavyan-türk ittifaqının formalaşdırılması ideyası mövcuddur. Rusiya Federasiyası tərkibindəki türk respublikalarını da nəzərə alsaq, əslində Rusiyanın təhlükəsizliyi üçün bu ən ideal modellərdən biri kimi görünür.

Cənub qonşumuz İran İslam Respublikasının əməkdaşlıq platformasına qoşulması isə bu ölkəni iqtisadi sanksiyaların təzyiqindən qurtara bilər. Rusiya və İranın Azərbaycan və Türkiyə ilə yaxınlaşması isə Orta Asiyadakı türk dövlətlərinin də bu əməkdaşlıq platformasına meyillənməsi deməkdir.

Başqa sözlə desək illərdən bəri arzulanan və hətta bəzən Avropa Birliyinin alternativi olaraq təqdim olunan Türk Birliyi türk dövlətlərinin və tərkibində türk xalqlarının çoxluq təşkil etdiyi dövlətlərin birliyi modelində gerçəkliyə çevrilə bilər”.

İndi Azərbaycan və Türkiyənin imzaladığı bir çox sənədlər bəlkə də gələcəkdə əməkdaşlıq platformasına qoşulan ölkələr üçün istinad nöqtəsinə ola bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı