Keçmiş xarici işlər naziri Katsuya Okada Yaponiya Demokratik Partiyasının yeni sədri seçilib

Keçmiş xarici işlər naziri Katsuya Okada Yaponiya Demokratik Partiyasının yeni sədri seçilib
15:13 18 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 18 yanvar, AzərTAc.
Yaponiyanın ən böyük müxalifət partiyası olan Demokratik Partiyanın yeni sədri vəzifəsinə sabiq xarici işlər naziri Katsuya Okada seçilib.
Partiyanın yanvarın 18-də keçirilən konfransında K.Okada rəqibləri – sabiq səhiyyə və əmək naziri Akira Naqatsumunu və partiyanın sabiq baş katibi Qoşi Hosononu böyük səs çoxluğu ilə üstələyib.
Partiyanın konfransında səsvermədə parlamentin 130 deputatı birbaşa, digər 230 min üzvü isə elektron poçt vasitəsilə iştirak ediblər.
K.Okada artıq uzun müddətdir ki, Demokratik Pariyada əsas fiqur hesab olunur. Bu partiya hakimiyyətdə olan zaman K.Okada Yaponiyanın xarici işlər naziri olmaqla yanaşı, həm də Baş nazirin müavini idi.
Demokratik Partiyanın yeni sədrinin seçkilərinin vaxtından əvvəl keçirilməsi ötən ay partiyanın lideri Banri Kayedanın parlamentin aşağı palatasına seçkilərdə deputat yerini itirməsi ilə əlaqədar istefa verməsi nəticəsində baş tutub.
1998-ci ildə yaradılan Yaponiya Demokratik Partiyası, 2009-cu ildə hakimiyyətə gəlmişdi. 2012-ci ildə indiki Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal-Demokratik Partiya növbəti seçkilərdə qalib gələrək, Demokratik Partiyanı hakimiyyətdən uzaqlaşdırıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR