97 il bundan əvvəl 1918-ci ilin may ayının 28-də ölkəmizin tarixində ən şanlı hadisələrdən biri baş verdi.

Bir əsrdən artıq Rusiyanın əsarəti altında əzilən Azərbaycan özünün illərlə həsrətində olduğu azadlığına qovuşdu. Azərbaycan azadlıq mücadiləsinin böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi, tökülən şəhid qanları hesabına azadlıq bayrağı yenidən Azərbaycanın başı üzərində dalğalanmağa başladı.

Onu da deyək ki, hələ 1918-ci ilin əvvəllərində Azərbaycan, Gürcüstan və Ermənistandan təşkil edilən Zaqafqaziya seyminin dağılacağının ilkin görüntüləri meydana çıxmışdı. Çünki Rusiyada baş verən fevral burjua inqilabından sonra, 1917-ci ilin may ayında Moskvada qurulan bu seym daxilində ziddiyyətlər kifayət qədər dərin idi. Seym faktiki olaraq qurum daxilində gedən etnik münaqişələrin qabağını almağa qadir deyildi. Üstəlik, Zaqafqaziya seymi 1918-ci ilin aprel ayında burada təmsil olunan Azərbaycan nümayəndə heyətinin etirazlarına məhəl qoymadan Osmanlı dövlətinə müharibə elan etmişdi. Bütün bunlar da seymin dağılması prosesini sürətləndirdi. 1918-ci il may ayının 26-da Zaqafqaziya seyminin son iclası keçirildi. İclas zamanı məlum oldu ki, artıq Cənubi Qafqazın bu üç respublikasının bir dövlət daxilində fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunları nəzərə alan Gürcüstan Milli Şurası elə həmin gün dövlət müstəqilliyini elan etdi. May ayının 27-də isə seymə daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. Müzakirələr zamanı yaranmış vəziyyət nəzərə alınaraq, Azərbaycanın müstəqilliyinin elan edilməsi məqsədəuyğun hesab edildi. Bununla bağlı Müvəqqəti Milli Şura yaradıldı. Məmməd əmin Rəsulzadə Milli Şuranın sədri seçildi.

May ayının 28-də keçirilən iclasda Azərbaycanın müstəqilliyini elan etməsi məsələsi ətrafında qızğın diskussiyalar getdi. Nəhayət, məsələ səsə qoyuldu və 24 nəfər lehinə, iki nəfər bitərəf qalmaqla Azərbaycanın müstəqilliyinin elan edilməsi barədə İstiqlal Bəyannaməsi qəbul edildi. Bəyannamədə ölkənin sərhədləri müəyyənləşdirilmiş və burada yaşayan bütün xalqların eyni hüquqlara malik olduğu xüsusi vurğulanmışdı. İstiqlal Bəyannaməsi elan olunandan sonra ölkənin idarə olunması məqsədilə F.Xoyskiyə hökuməti təşkil etmək tapşırıldı. İlk hökumətdə Xoyski Nazirlər Şurasının sədri, Xosrovpaşa Sultanov isə hərbi nazir seçildi.

Yeni yaranan müstəqil dövlətimiz dərhal qardaş Türkiyə ilə sıx əlaqələr qurdu. İyun ayının 4-də Batumidə Türkiyə ilə Azərbaycan arasında sülh və dostluq müqaviləsi imzalandı. Bunun ardınca Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Azərbaycan hökuməti müstəqilliyinin qorunması üçün Türkiyədən hərbi yardım istədi. Buna cavab olaraq, həmin il iyun ayının ikinci yarısında Osmanlı hərbi birləşmələri Azərbaycan ərazisinə daxil oldular. İyunun ortalarında isə Azərbaycan hökuməti Gəncəyə köçürüldü. Şərqdə ilk müstəqil demokratik cümhuriyyət olan Azərbaycan hökuməti qısa müddətdə xalq üçün böyük işlər gördü. İlk müstəqil cümhuriyyət devriləndən 71 il sonra Azərbaycan yenidən ay-ulduzlu, üçrəngli bayrağını başı üzərinə qaldırdı. Bu gün Azərbaycan azadlıq bayrağının altında çətin yollarla gələcəyə doğru gedir. Müstəqilliyin sönməz və əbədi olsun, Azərbaycan!

"Zaman Azərbaycan"