"Anlaşılmaz sual" mövzusu: Jurnalistin qeyri-peşəkarlığı, yoxsa söz azadlığından sui-istifadə? -

Təhsil naziri Emin Əmrullayevin avqustun 7-də keçirilən və yenidərs ilinin başlanmasına həsr olunmuş brifinqində səslənən bəzi anlaşılmaz suallar Azərbaycanda peşəkar jurnalistika məsələsini yenidən aktuallaşdırıb. Brifinqdə aşkar görünürdü ki, əksər jurnalistlər nazirin çıxışındakı konseptual məsələlərdən xəbərsizdirlər, verdikləri suallardan bir qismi sosial şəbəkələrdə dolaşan məişət söhbətlərini xatırladır. Belə nəticə çıxırdı ki, jurnalistlərdən bəziləri məmura hansı suallar verilməli olduqlarını bilmirlər, brifinqə hazırlıqsız gəliblər. Mövzu üzrə bilgiləri sadə vətəndaşın bilgisindən fərqlənmir. Ona görə də suallar primitiv, qeyri-peşəkar olur, qarşı tərəfin problemi kompleks açmasına şərait yaratmır.

Amma bu, məsələnin yalnız bir istiqamətidir, medianın peşəkarlıqla bağlı digər ciddi qüsurları da var: media “copy-paste”yə o qədər aludə olub ki, üzü köçürülmüş xəbərlər yaymaqla məşğul olur, analitika, təhlil xarakterli yazılar yoxa çıxır. Redaksiyalarda jurnalistdən peşəkarlıq deyil, intensivlik, sensassiya doğuracaq, İP gətirəcək mövzular tələb olunur.

Azərbaycan mediasında peşəkarlıq problemləri və onların aradan qaldırılması yolları barədə Metbuat.az-ın suallarını Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri, media eksperti Müşfiq Ələsgərli cavablandırıb.

- Təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə “jurnalistin nazirə ünvanladığı anlaşılmaz sual” mövzusu ətrafında bir neçə gündür ki, ciddi müzakirələr aparılır. Sizin mövzu üzrə fikirlərinizi bilmək maraqlı olardı.

- Mətbuat konfranslarında, debatlarda və bu kimi digər formatlı tədbirlərdə müəyyən anlaşılmazlıqların olması təbiidir. Beynəlxalq tədbirlərdə də bəzən anlaşılmazlıqlar, hətta skandallar olur. Bir zamanlar ABŞ prezidentinin keçirdiyi mətbuat konfransında ona jurnalist tərəfindən ayaqqabı atılması kimi hadisələr baş vermişdi. Bu formalı nümunələr çoxdur. Son konfransda yaşanan vəziyyət isə bir qədər fərqlidir. Jurnalistlər mətbuat konfransına gedərkən, ilk növbədə mövzunu bilməli, səsləndirəcəyi suallar barədə təsəvvürü olmalıdır. Öz sualları ilə imkan yaratmalıdır ki, gündəmə gələn mövzu daha təfərrüatlı açılsın, cəmiyyəti maraqlandıran bütün suallar cavablandırılsın. Hazırda internet dövrüdür, jurnalist üçün istənilən mövzunu araşdırmaq, ilkin təsəvvür formalaşdırmaq mümkündür, asandır. Jurnalist qarşılaşacağı digər hallarla bağlı da hazırlıqlı olmalıdır ki, vəziyyətdən çıxa bilsin. Jurnalist çətin duruma düşməməsi üçün verdiyi sualın variantını, yaxud, əlavə sualları da hazır saxlamalıdır. Bu, bir peşəkarlıq məsələsidir. Təəssüf ki, indi bəzi KİV təmsilçilərinin mövzuya yanaşması sosial şəbəkələrdə dolaşan qeybət motivli olur. Bu isə həm müsahibləri, həm də jurnalistin özünü çətin duruma salır. Məsələ təkcə laqeydlikdə deyil, bir tərəfi də ixtisaslaşmaya bağlıdır. Dünya praktikası ixtisaslaşmış jurnalistikanın daha effektli olduğunu göstərir. Azərbaycanda çox təəssüf ki, mövzular üzrə ixtisaslaşma yaxşı səviyyədə deyil. Bu gün idmandan yazan jurnalist sabah siyasətdən, yaxud, mədəniyyətdən yazan jurnalist paralel şəkildə kriminaldan yazır. Biz bu problemin acı nəticəsəni 44 günlük müharibə zamanı da gördük. Döyüş bölgəsində fəaliyyət barədə təsəvvürü olmayan bəzi jurnalistlərin cəbhə xəttinə yollanmasından yaranan problemləri hər kəs bildi. Mövzular üzrə ixtisaslaşma formalaşarsa, hamı üçün sərfəli olar. Həm vətəndaşlar daha dəqiq informasiya alar, həm də mediada təhrif olunmuş fikirlərin qarşısı alınar.

Əlamətdar haldır ki, hazırda MEDİA Agentliyi KİV-lərdə peşəkarlıqla bağlı problemlərin aradan qaldırılması üçün də proseslər həyata keçirir. Bu baxımdan media mənsubları üçün həyata keçirilən təlim kurslarını göstərə bilərik. İndi həm KİV rəhbərləri üçün, həm də KİV əməkdaşları üçün MEDİA-nın təşkilatçılığı ilə çoxsaylı təlimlər keçirilir. Bu təlimlərə beynəlalq ekspertlər də cəlb olunurlar. Ümid edək ki, vəziyyətdə dönüş əldə ediləcək.

- Qeyd etdiniz ki, mediamızda peşəkarlıqla bağlı problemlər çoxdur. Bütün bu problemlər fonunda Azərbaycan KİV-ləri öz təməl funksiyalarını yerinə yetirə bilirlərmi?

- Media araşdırma aparmalı, problemləri aşkarlamalı, auditoriyanı məlumatlandırmalı, maarifləndirməli, həm də ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Əsas məqam da budur ki, Azərbaycan mediası bu gün bu funksiyaları yerinə yetirə bilirmi? Bilirsiniz ki, Prezident İlham Əliyevin iradəsi ilə 2018-ci ildən etibarən ölkədə geniş miqyaslı islahatlar həyata keçirilir. Yeni islahat dalğasının əsasında modernləşmə və şəffaflaşdırma amili dayanır. Şəffaflığın təmin edilməsində isə bir nömrəli təminatçı mediadır. Cənab Prezident islahatlar dalğasının ilk mərhələsindən elan etdi ki, media islahatlar dalğasına təkan vermək, burada avanqard rolunu oynamaqla yanaşı, özü də dəyişməlidir, media sənayesinin özündə də islahatlar aparılmalıdır. Yəni medianın özündə də bəzi problemlər mövcuddur və bu problemləri aradan qaldırmadan onun cəmiyyətdə avanqard rolunu təmin etmək mümkün deyil. Başladılmış islahatlar dalğası bu problemlərin bir qismini aradan qaldırmaq üzrədir, digər qisminin həlli isə zaman alacaq. Çünki medianın üzləşdiyi problemlərin müəyyən hissəsi lokal deyil, qlobal xarakterlidir, onların həlli üçün qlobal təşəbbüslər olmalıdır. Hazırda medianın lokal problemlərinin həlli istiqamətində sürətli işlər gedir.

- Nümunələr verə bilərsinizmi?

- İlk öncə dövlətin media siyasətinin özü dəyişir, yenilənir. Dövlətin media siyasətini icra edən strukturlar da yenilənib, MEDİA Agentliyi simasında yeni struktur formalaşıb. Bu struktur çevikdir, yeni çağırışlara adekvat reaksiya verir, problemlərin həlli üçün tədbirlər görür. İkinci bir məqam odur ki, hakimiyyət nümayəndələrinin mediaya münasibəti yenilənir, interaktiv münasibətlər qurulmasına üstünlük verilir. Terminlə ifadə etsək, ölkədə informasiyaya əlçatımlığın təmin edilməsi üçün işlər aparılır. İnformasiya əlçatımlığı problemi medianın üzləşdiyi problemlər sırasında ilk yerlərdə dayanır. Hazırda bu problemin aradan qaldırılması üçün Azərbaycanda yeni modellər tətbiq edilir. Məsələn, nümunə olaraq deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah informasiya təminatı baxımından yeni modeldir, KİV-lər üçün fürsət yaradır. Operativ Qərargahda pandemiya dövründə dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Növbəti nümunə kimi 44 günlük müharibə dövründə qurulan “Hərbi informasiya mərkəzi”ni göstərə bilərik. Həmin mərkəz döyüşlərin aktiv dönəmində KİV-in operativ və etibarlı informasiya mənbələrinə çıxışını təmin etdi. Son dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın KİV-lərlə canlı təmaslarının intensivləşməsi diqqət çəkir. Bu təmaslar dövlət rəhbərliyinin KİV-ləri kommunikasiyasının mühüm bir hissəsi kimi yüksək qiymətləndirməsi anlamını daşıyır. Dövlət başçısı həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensivləşdirir, məlumatlandırma işində peşəkar KİV-lərə ciddi önəm verir və bunu digər dövlət-hökumət nümayəndələri üçün nümunəyə çevirir. Bu sırada Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun və digər məsul şəxslərin media nümayəndələri ilə görüşləri dövlətin KİV-lərlə interaktiv təmasının göstəricisi kimi şərh edilə bilər.

- Necə düşünürsünüz, qeyd etdiyiniz bu siyasət bütün dövlət strukturları tərəfindən tətbiq edilirmi?

- Təəssüf ki, o mərhələdə nikbin danışa bilmirik. Əksər yerli və mərkəzi icra orqanları hələ də informasiya işini qura bilmirlər, əlçatımlığı təmin edə bilmirlər və bu, medianın işini çətinləşdirir, dövlətin yeni media siyasətinə xələl gətirir. Jurnalistlər ən adi bir informasiyanı dəqiqləşdirmək üçün günlərlə telefon dəstəyindən asılı vəziyyətdə qalırlar, sonucda dövlət qurumundan lazımi informasiyanı ala bilmirlər, əvəzində şaiyə, ehtimal xarakterli informasiyalar yayırlar. Son dövrlərdə həyata keçirilən proseslər fonunda diqqət çəkən məqamlardan biri də media qanunvericiliyinin təkmilləşdirilməsi, media haqqında yeni qanunun qəbul edilməsinə hazırlıq aparılmasıdır. Prezident İlham Əliyevin "Media sahəsində islahatların daha da dərinləşdirilməsi" yönündə sərəncamına uyğun olaraq, media haqqında yeni qanun layihəsi hazırlanır. Qanunun önəmi budur ki, o, yeni media subyektlərini, internet media subyektlərini də əhatə edəcək. Yeni media subyektləri 30 ilə yaxındır ki, bizim informasiya məkanında yer tuturlar, informasiya dövriyyəsində 50 faizdən çox paya malikdirlər. Amma təəssüf ki, indiyədək onların hüquqi statusları müəyyən edilməmişdi, fəaliyyətlərində problemlər yaranırdı. Yeni qanun bu problemləri aradan qaldıracaq. 2021-ci ilin iyul ayında Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı nəticələrə əsasən, 39 onlayn media resursu maliyyə yardımı müsabiqəsinin qalibi oldu. Onlayn media qurumlarının bu tip müsabiqələrdə iştirakı ilk təcrübədir və çox yaxşıdır. Bu yardım onların peşəkarlaşması, institutlaşması prosesini sürətləndirəcək. Amma mütləq şəkildə vacibdir ki, hökumət KİV-lərə dövlət dəstəyi göstərməklə kifayətlənməsin, media üçün reklam və elan sahəsindən gəlirlərin əldə edilməsi işi təşkil edilsin.

- KİV-in işinə ciddi təsir edən problemlər hansılardır?

"Təəssüf ki, bu sahədə ciddi problemlər mövcuddur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son iki il müddətində Azərbaycanda KİV-lərin reklam dövriyyəsi 7-10 milyon manat aralığında olub. Nəzərə alaq ki, rəsmi qurumlar ölkədə 6 minə yaxın KİV qurumunun olduğunu bildirirlər. Ölkədəki reklam dövriyyəsini KİV-lərin sayına nisbətdə götürsək, hər KİV qurumu üçün təqribən 100-150 manat civarında rəqəm alınır. Bu, gülünc bir rəqəmdir. Beynəlxalq praktikaya görə, KİV-lərin ümumi maliyyə dövriyyəsinin ən azı 75 faizi reklam və elan gəlirlərindən formalaşmalıdır. Bu gün Azərbaycanda bu gəlirlər yoxdur və KİV-in işinə ciddi problemlər yaradır. Ölkədə reklam işi səhmana salınmalı, KİV-lərin maliyyə müstəqilliyi təmin olunmalıdır. Maliyyə müstəqilliyi təmin edilməyincə, KİV-lərin müxtəlif iqtisadi-siyasi qruplardan asılılığı da qalmış olur. Bu isə siyasiləşmə amlini stimullaşdırır. Siyasiləşmə amili yüksək olduqca, biz KİV sahəsində peşəkarlıqdan, etik kodeksə sayqıdan danışa bilmirik. Maliyyə mənbəyinin zəifliyi, iqtisadi-siyasi qruplardan asılılıq, siyasiləşmə amili KİV-lərin ictimai nəzarət funksiyasını tam gücü ilə yerinə yetirmələrinə mane olur. Ümid edirik ki, başlanmış islahatlar dalğası fonunda yaxın zamanlarda bütün bu problemlərin həll edilməsinin şahidi olacağıq".

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR