Azərbaycan-Türkiyə-Pakistan birliyi regiona səs saldı:

Son günlərin aktual mövzularından olan “Üç Qardaş-2021" adlı Türkiyə Respublikası-Azərbaycan-Pakistan birgə təlimi, həmçinin İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadənin Türkiyə ilə bağlı qərəzli açıqlamasından irəli gələn məsələlər barədə ANKA İnstitutu Məsləhət Şurasının üzvü, siyasi elmlər doktoru, politoloq Yeşim Demir Metbuat.az-a özəl müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-Yeşim xanım, Bakıda keçirilən “Üç Qardaş-2021" adlı Türkiyə Respublikası-Azərbaycan-Pakistan hərbi təlimləri İranı ciddi narahat etmişdi. Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə Türkiyənin Xəzərdə Azərbaycanla keçirdiyi təlimləri qısqanaraq, Türkiyənin Xəzərdə ola bilməyəcəyini bəyan etdi. Bəs İranı qorxudan səbəb nədir və bu kimi açıqlamalar verməyə nə məcbur etdi?

“Bildiyiniz kimi, 12-20 sentyabr tarixlərində dünyaya sülh və dəstək mesajı verən "Üç Qardaş-2021" adlı Türkiyə Respublikası-Azərbaycan-Pakistan birgə təlimi başladı. Bölgə dövlətləri, həmçinin Yunanıstanın da izlədiyi və narahatlığa səbəb olan təlimlə əlaqədar olaraq, Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək bildirdi ki, üç ölkənin xüsusi təyinatlıları arasında keçirilən təlimlər zamanı hərbi məlumat və təcrübələr paylaşılaraq, əməkdaşlıq inkişaf etdirilib. 44 günlük Qarabağ müharibəsi zamanı, Pakistan da Azərbaycana yaxından dəstək olmuşdu. O baxımdan bu təlim Pakistan üçün də olduqca diqqətəlayiq idi. Bu kimi təlimlərin reallaşdığı bir ərəfədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatipzadə, Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizində keçirilən birgə təlimə reaksiya verərək, beş dövlət xaricində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya istinad edərək heç bir xarici qoşun yeridilə bilməyəcəyini bildirdi. Onun sözlərinə görə, dəniz yolu ilə Azərbaycana gələ biləcək təhdidlərə qarşı Türkiyə Cümhuriyyəti Xəzər sahilindəki varlığını gücləndirməyə çalışır və bu addımı ilə bölgə dövlətlərinə mesaj verir. Amma Hatipzadənin bu fikirləri doğru deyil. İran təkcə Xəzərdəki təlimlərə deyil, həm də Qarabağla Ermənistan arasında strateji əhəmiyyət kəsb edən Laçında keçirilən təlimə də reaksiya verir. O, bu bölgədəki təlimi Türkiyənin hərbi varlığını təyin edə biləcək bir sınaq və sülhməramlıların nəzarətində olan ərazilərdə Rusiyanın fəaliyyətini məhdudlaşdıran bir hadisə hesab edir”.

- Hatipzadəni qıcıqlandıran təlimlər həqiqətən məsum əsgəri təlimdir, yoxsa Türkiyənin Xəzərdə güclənmək niyyəti var?

“Qeyd etdiyim kimi bu təlimlər hərbi məqsədlidir, İranı və ya digər regional dövlətləri narahat etməyə səbəb yoxdur. Xəzərdə keçirilən təlim, beynəlxalq hüquq qaydalarına uyğun olaraq və əməkdaşlıq müqavilələri çərçivəsində həyata keçirilir. Yəni, Türkiyə Respublikasının nə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya zidd, nə də bölgə dövlətləri üçün heç bir təhlükəli şərait yaradan hərəkətləri yoxdur. Bir məqamı da qeyd etmək istəyirəm ki, ABŞ-ın Əfqanıstandan çıxmasından sonra mövcud olan qeyri-sabitlik regional güclərin ittifaqlarında (əməkdaşlığında) həlledici rol oynadı. Bu səbəbdən Türkiyə-Azərbaycan və Pakistanın birgə təlimi ciddi narahatlıq yaratdı. Məlumdur ki, bu günə qədər bir çox dövlət arasında birgə təlimlər, hərbi və müdafiə sahəsində əməkdaşlıq müqavilələri bağlanılıb. Məsələn, keçmişdə (1999-cu ildə) Yunanıstan-İran İslam Respublikası və Ermənistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanmışdır. Türkiyə və ya başqa bir dövlət iki xristian və bir müsəlman dövləti arasındakı hərbi əməkdaşlığa qarşı çıxmasa da, bəs nə üçün, bu gün üç müsəlman və qardaş dövlətin birgə hərbi əməkdaşlığının və məlumat mübadiləsinin narahatlıq yaradır? Türkiyə Cümhuriyyəti hər zaman dövlətlərin ərazi bütövlüyünün tərəfində olub və fərqli bir məqsəd güdməyib. İran İslam Respublikası-Ermənistan arasında olan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi qəbuledilən sayıldığı halda, tarixi və mədəni əlaqələri olan qardaş Türkiyə Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin yaxşı olması narahatlıq yaratmamalıdır. Bütün reaksiyalara baxmayaraq, Türkiyə hər zaman “İki dövlət, bir millət” anlayışı ilə Azərbaycanın yanında olub və Azərbaycanın qarşılaşacağı hər hansı bir problemin həllində kömək edəcəkdir. Yaxşı olardı ki, İran dünyaya sülh mesajı verən “Üç Qardaş- 2021” təliminə reaksiya vermək əvəzinə, Azərbaycan və Ermənistan arasındakı Qarabağ müharibəsi əsnasında göstərdiyi “münasibətin” qarşılığında kompensasiya məqsədi ilə bölgədə danışıqlar apararaq sülh və sabitlik naminə regional əməkdaşlığa köməklik etsin”.

- Laçında reallaşan Azərbaycan-Türkiyə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaratdı. Bu gərginliyin əsası varmı?

“Xeyr, əlbəttə yoxdur. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 il müddətində işğal edərək vaxtaşırı atəşkəsi pozurdu. Nəhayət, bu hücumlara cavab olaraq, 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi başladı və nəticədə Ermənistan müharibəni uduzdu. Keçirilən bu təlim beynəlxalq hüquqa və atəşkəs şərtlərinə uyğun olduğu üçün nə Ermənistana, nə də başqa bir dövlətə təhlükə yaratmır. Provakasiya yaratmağı tələb edən heç bir vəziyyət yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR