Karantindən sonra ənənəvi dərslərə adaptasiya -

Hazırda ölkəmizdə sərt karantin rejimi bir qədər yumuşaldılaraq təhsil müəssisələrində ənənəvi tədrisin fəaliyyəti bərpa edilib. Amma uzun müddət pandemiya stressini yaşayan azyaşlıların məktəbə adaptasiya olması, həmçinin onların asudə vaxtının səmərəli təşkili prosesində çatışmazlıqlar müşahidə edilir.

Bu barədə Metbuat.az-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının sədri, jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, uşaqların zərərli vərdişlərə aludə olmaması üçün onların asudə vaxtlarını maraqlı etmək lazımdır. Amma texnologiyanın hədsiz inkişafı uşaqların fərdi yaradıcılıq imkanlarının formalaşmasına ciddi təsir edir.


“Əvvəllər uşaqlar boş vaxtlarını maraqlı, yararlı fəaliyyətlərə sərf edirdilər. Onlardan kimisi şəkil çəkir və ya hansısa kiçik fiqurlar düzəldir, kimisi də rəqslə, idmanla məşğul olub həm də sağlamlıqlarının qayğısına qalırdılar. Amma 21-ci əsrdə texnologiyanın yüksələn xətt üzrə inkişafı müsbət keyfiyyətləri ilə yanaşı, mənfi təsirlərini də yaşamış olduq. Xüsusilə uşaqların asudə zamanlarında fərdi oyunlar deyil telefon və kompüterdə vaxtlarını xərcləmələri bizim bilmədiyimiz daha çox zərərli informasiyanın beyinlərinə inikas olunmasına gətirib çıxarır. Bütün bunlara pandemiyadan dolayı onlayn təhsilin təşkili də ciddi təsir etdi”.

Lalə Mehralı bildirdi ki, məktəblərdə ənənəvi formada dərslərin keçirilməsi mümkün olmadığından onlayn dərslərin sönük keçməsi, uşaqların başını qatacaq hər hansı bir məşğuliyyətinin olmamağı onların kompüter, telefon aludəçiliyini daha da artırdı.

Bəs çıxış yolu nədədir? Ekspert deyir ki, bu məsələdə yenə də bütün məsuliyyət, yük valideynin üzərindədir.

“Heç kim övladımızı bizdən daha çox düşünə bilməz. Valideyn övladına şərait yaratmalıdır. Ona görə də, dövlətin nəzdində olan kursların fəaliyyətinin davam etməsinə ehtiyac var. Çünki bütün valideynlərin maddi imkanı övladını özəl kurslara göndərilməsinə çatacaq qədər deyil. Zamanında texniki yaradıcılıq mərkəzləri var idi. İndi onların nəzdində kurs tipli mərkəzlər açılıb. Bu mərkəzlərdə hər şərait var. Rəsm, biçmə, tikmə, muncuqla işləmə, rəqs kursları, dil kursları - bütün şərait var, amma uşaqlarımız iki ildir ki, bu şəraitdən yararlana bilmirlər. Əgər məktəblər açılıbsa kurlsar da açılmalıdır. Bu kursların hələ də bağlı qalması müəmmalıdır”.

Mövzuya münasibət bildirən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, mövcud pandemiya dövründə vəziyyətimizi nəzərə alaraq, şagirdlərin ənənəvi dərslərə adaptasiya olduqdan sonra kurs və dərnəklərin fəaliyyətinin bərpa olunacağı gözlənilir.


“Hələ ki biz ənənəvi dərslərin keçirilməsinə nail ola bilmişik. Təqribən bir aydan sonra düşünürəm ki, artıq tədricən dərnəklərin fəaliyyəti göstərməsi mümkün ola biləcəkdir. Çünki şagirdlərin marağını nəzərə almaq lazımdır. Eyni zamanda, hansı fənn üzrə çətinlik çəkdikləri müəyyən edilərək, kurslar təşkil olunmalıdır. Təbii ki, bunlar qarşıdakı dövrdə həyata keçiriləcək proseslərdir. Hazırda biz daha çox üstünlüyü dərslərin ənənəvi qaydada keçirilməsinə və bu prosesin daimiliyinin qorunub-saxlanılmasına verməliyik. Bunun yeganə yolu izolyasiya qaydalarına riayət etmək, şagirdlərin adaptasiya olmasına çalışmaq və müntəzəm olaraq dərslərə hazırlıqlı getməkdir”.

Elçin Əfəndi qeyd etdi ki, bu istiqamətdə valideynlər övladlarına dəstək olmalıdırlar. Çünki bu, təkcə müəllimlərdən asılı olan bir məsələ deyil. Valideynlər də evdə olduqları zaman uşaqların həm dərs hazırlıqlarına, həm də məktəbə adaptasiya olmalarına müəyyən qədər təkan verməlidirlər.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR