Bakı Tehranı necə asılı vəziyyətə saldı? - Ərdoğan Putin razılaşmasında sonra...

“İranı hiddətləndirən səbəblər çoxdur. Tehranın seçkilərdən sonra belə bir mövqe ortaya qoyacağı gözlənilən idi”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq siyasi şərhçi Asif Nərimanlı edib. Müsahibimiz bildirdi ki, İranı hərəkətə keçirən ilk addım Gorus-Qafan yolu ilə bağlı rəsmi Bakının praktiki addımlara başlamasından sonra oldu.


“Dəfələrlə İrana Gorus-Qafan yolundan qanunsuz daşımalar ilə bağlı xəbərdarlıq edilsə də, İran bunu qulaqardına vururdu. Sonunda adekvat reaksiyalar alınmadığı üçün Azərbayan konkret addımlar atmalı oldu. Bu zaman İran anladı ki, onun artıq Cənubi Qafqazda girişi Zəngəzur dəhlizindən mümkün ola bilər. Amma Zəngəzur dəhlizinin açılması ilə İran Cənubi Qafqazda giriş əldə etsə də faktiki olaraq, Azərbaycandan asılı vəziyyətə düşəcəkdir. Halbuki Azərbaycan tərəfi bu üstünlüyündən İrana qarşı istifadə etmək niyyətində deyil, əməkdaşlıq təklif edir. İran düşünürdü ki, dəhlizin açılmağı bir qədər yubana bilər. Bu əsnada İran Ermənistanla dəfələrlə dəhlizin açılması məsələsində geri addım atması üçün dəstək verib zaman qazanmaq istəyirdi. Amma Gorus-Qafan yolunda artıq İran anladı ki, Zəngəzur dəhlizinin açılması yubansa belə o Azərbaycandan asılı vəziyyətə düşüb”.

Gorus-Qafan yoluna alternativ yol olan Tatev yolunun inşası ilə bağlı da müzakirələr aparılır. Asif Nərimanlı deyir ki, bu yolun inşası bir qədər uzaq zaman üçün hesablanıb.Hətta bu yol açılsa belə alternativ yol hesab edilən Tatev yolundan ağır iri tonnajlı maşınların hərəkəti perspektivsizdir. Təbii ki, İran da bunun fərqindədir. Siyasi şərhçi qeyd etdi ki, Tehran yenə Gorus-Qafan yolundan istifadə etmək məcburiyyətindədir.

Soçi görüşündən sonra Tehran çox hiddətləndi….

“İranın bu qədər qızışmasına səbəb, Soçidə Ərdoğan və Putinin razılaşmasıdır. Soçi danışıqlarından biir neçə gün sonra İran mediyası da total şəkildə hücuma keçdi. Daha sonra İran, Azərbaycanla sərhəddə "Xeybər fatehləri" adlanan təlimlərə başladı. Aranın sakitləşdiyi bir zamanda məhz bu müzakirələrdən sonra İranın sərt addımlar atması Soçi görüşündən sonra istədiyinə nail ola bilməməsi ilə bağlıdır. Çünki Ərdoğan və Putinin birlikdə razılığa gəlməsi İranın Cənubi Qafqazda ümumiyyətlə, oyundankənar vəziyyətə düşməsi deməkdir. Bu razılaşma ilə İranın illərdir əlində saxladığı Ermənistan kartı da əlindən çıxdı. Artıq bəllidir ki, Ermənistanda Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına səbəb olacaqdır. Kommunikasiyaların bərpası istiqamətində atılan addımlardan biri də Zəngəzur dəhlizinin açılması olacaqdır ki, bu da İranın ürəyincə deyil. Biz yaxın zamanda görəcəyik ki, Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçiriləcək və bundan sonra daha münbit addımların atılmasına şərait yaranacaqdır”.

- Bəs İranın sionistlərlə bağlı iddiasının mayasında hansı niyyət dayanır?

“Əslində sionist iddiası İranın İsrailə qarşı mövqeyi ilə bərabər, həmçinin Türkiyənin bölgədə olmasına gizli mənada qarşı çıxmaqdır. Azərbaycan heç vaxt İrana qarşı platforma yaradılmasına icazə verməyib. Konkret razılaşmalar da var və İran da bunu bilir. Amma buna rəğmən İran, “Sionistlər bölgədədir biz buna imkan verməyəcəyik” kimi sərt bəyanatlar da səsləndirir. Bu addım İranın Türkiyəyə qarşı həqiqi mövqeyinin gizlədilməsidir. Çünki İran Türkiyəni bölgədə olduğu faktını qəbul etmədiyini desə, Azərbaycandakı milli hisslərin ön plana çıxmasına, Cənubi Azərbaycanda da eynilə böyük etirazlara səbəb ola bilər. İran çalışır ki, sionistlər üzərindən çıxış etməklə Azərbaycanda həm dini ünsürlərə, həm də cənubdakı azərbaycanlıları ümumi düşmənə qarşı birləşdirsin” .

Asif Nərimanlı onu da qeyd etdi ki, İdlıb ilə bağlı razılığa gələn Ərdoğan və Putinin son müzakirəsi İrana növbəti zərbə idi.

“Ərdoğan və Putinin İdlıb mövzusunda da anlaşması İranın Yaxın Şərqdə də zəifləməsi deməkdir. Hər iki tərəfdə uduzan İran Əfqanıstan tərəfdən də sıxılır.Talibanla əlaqələrin müsbət yöndə olması davam etsə də, İran bölgədə Pakistan və Türkiyə kimi güclərin olmasını qəbul edə bilmir. Bu çəmbərdə İranın sıxılması onun Asiya coğrafiyasında Rusiya, Türkiyə, Pakistan ilə məsələsini həll etməkdənsə Bakıya doğru istiqamətlənməsinə səbəb o ölkələrlə düşman olmayıb Azərbaycanı zəif bənd görməsindən irəli gəlir”.


Qarşıda İranı gözləyən “sürpriz” ə doğru addımlar....

“İran ya hansısa anlaşmada razılığa gələrək regiondakı vəziyyətdən, imkanlardan istifadə edəcək, ya da kənarda qalacaqdır. Çünki faktiki hansısa əks hərəkət İranın əleyhinədir. İranın daxilində də bu gedişlərin nə qədər anlamsız olduğunu düşünənlər var. İranın istəylərindən biri də odur ki, Sunix bölgəsində hərbi baza yaratsın. Uzun müddətdir Ermənistanı himayə etməsinə bir səbəb də elə budur. Ola bilər ki, İran buna cəhd edir. Amma Rusiya faktoru bu arzunun reallaşmasına mane olacaqdır. Hazıda başını itirən İran mümkün hər variantla razılaşmalıdır. Çünki yaxın zamanlarda bir neçə istiqamətdən ciddi təzyiqlərə məruz qalacaq İranın addımlarını ölçüb-biçməsində fayda vardır. İran bu yaxınlarda uranın zənginləşdirilməsinə çalışacaq və nəticədə nüvə silahına bir addım yol qalacaqdır. İsrail ABŞ kimi böyük dövlətlər buna imkan vermək istəmirlər. İran nüvə danışıqlarında tərəflərin başını qarışdırıb masada dedikləri sözlər ilə hərəkətləri üst-üstə düşmür. Beynəlxalq güclər bunu artıq bilirlər. Odur ki, İranla bağlı böyük dalğaların yaranacağı istisna deyildir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR