44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Şuşa azad edildikdən dərhal sonra - noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı və beləliklə düşmən 10.11.2020-ci il tarixdə məğlubiyyətini qəbul etdi. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Noyabr ayı həmçinin biz ədliyyə qulluqçuları üçün peşə bayramının bu ayda olması ilə əlaqədar daha da əlamətdardır. Ölkəmizdə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur. Artıq bir əsrdən çox zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 102 il ötür. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il mayın 28-də - Azərbaycan Demokratik Respublikasının (ADR) elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılmışdır.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılmışdır. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmış, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilmiş, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuş, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılmışdır. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Zəfər günümüz və peşə bayramımız bir daha mübarək olsun.

Famil Kazımov

Hacıqabul rayon qeydiyyat şöbəsinin rəisi,

I dərəcəli ədliyyə qulluqçusu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR