Ukrayna nə üçün Çindən ehtiyat edir? -

"Vladimir Zelenski Avropadan narazı olaraq Çinlə yaxınlaşmaq istəsə də, Pekinin siyasətindən ehtiyatını da əldən vermir. Çinin Ukraynanın məhsuldar qara topaqlarında da gözü var. Çin 1 milyard 400 milyon nəfəri ötən əhalisini ərzaqla təmin etmək üçün daha böyük torpaq sahələrinə ehtiyac duyur".

Bu açıqlamanı Metbuat.az-a politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Çin xarici ölkələrdən hər il yüz milyonlarla ton taxıl alır. Çin Ukraynada taxıl istehsalına yatırımını artırmağa hazırdır. Ancaq Pekin bunun qarşılığında həmin ərazilərə nəzarəti də həyata keçirməyə çalışır. Bu isə Ukrayna üçün milli təhlükəsizlik problemi yarada bilər.


"Çin eyni üsulla Braziliya, Argentina və Sudan kimi ölkələrdə torpaq sahələrinə yiyilənib. Ukrayna üçün Avropanın Çinlə əvəz olunmasının təhlükələri bunlardan ibarətdir:

Birincisi, əgər Avropa Çinin öz ətrafında, o cümlədən Mərkəzi Asiyada və ya Afrikada fəallığına göz yumursa, eyni sözləri Balkanlar və ya Ukrayna üçün demək çətindir. Avropa öz qonşuluğunda və ya ərazisində Çinin milyardlıq yatırımlarından ethiyat edir. Ancaq əgər belədirsə, onda Brüssel Balkan ölkələrinə və Ukraynaya alternativ inkişaf konsepsiyası təqdim etməlidir. Bu konsepsiya olmadığından Çinin manevr imkanları artır. İkincisi, Çin Rusiyanın strateji tərəfdaşıdır, Kreml isə Ukraynanı çökdürməyə və parçalamağa çalışır. Bu amilin özü Ukraynanın Rusiyanın strateji tərəfdaşı olan Çinlə münasibətlərdə ehtiyatı əldən verməməyi diqtə edir".

Elxan Şahinoğlu qeyd etdi ki, üçüncü məsələ odur ki, Avropa Ukraynanın problemlərinin həllində aktiv olmasa da, bu ölkənin liberal dəyərlərinin Çinin avtoritar üsul-idarəsiylə əvəzlənməsini istəmir. Brüssel anlamalıdır ki, Ukraynaya real dəstək verməsə, Kiyev istər-istəməz alternativ yollara baş vuracaq. Ancaq Çinin timsalında bu alternativin Ukrayna üçün uğurlu yol olacağını da söyləmək çətindir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR