Türkiyə - İran yaxınlaşması Rusiyanı HİDDƏTLƏNDİRİR: Kreml Cənubi Qafqaz regionunda tədricən sıxışdırılacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İrana rəsmi səfəri çərçivəsində iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşü baş tutub. Görüşdə iki ölkə arasındakı sərhədlərin mühafizəsinin gücləndirilməsi və su problemləri, eyni zamanda, Cənubi Qafqazda davamlı sabitlik, 3+3+ formatında əməkdaşlıq, Suriya, Əfqanıstan və digər regionlarda təhlükəsizlik məsələləri müzakirə olunub.

Metbuat.az xəbər verir ki, bu görüşü şərh edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, regionda vacib proseslərin baş verdiyini xatırladan türkiyəli nazir bildirdi ki, Cənubi Qafqazın sabitliyi üçün xüsusilə 3+3 formatı ilə bağlı İranla dialoq davam edir. O, həmçinin rəsmi Tehrana qarşı birtərəfli sanksiyaların ləğv olunmasının əhəmiyyətini də diqqətə çatdırıb:

"İrana qarşı birtərəfli sanksiyalar yanlışdır. Bunu bütün platformalarda deyirik. Bunu bu gün burda bir daha vurğulamaq istəyirəm" - sitatın sonu.

Çavuşoğlu, həmçinin bildirib ki, ilin sonuna kimi Prezident Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında görüşün baş tutması da gözlənilir.


"Görünür, cənub qonşumuzun regionla bağlı xarici siyasətində müəyyən yumşalmalar var. Son vaxtlar Ermənistan- İran münasibətlərində bəzi ziddiyyətlər yaranıb. Çox güman, bu, Rusiyanın iki dövlət arasındakı münasibətlərə müdaxiləsi ilə bağlıdır. Şübhəsiz, İrəvanın Tehranla bu qədər yaxınlığı Moskvanın xoşuna gəlmir. Çünki o, öz for-postunu itirir. Rusiyanın narazılığı fonunda İranın Türkiyə ilə daha çox yaxınlaşmaq istəməsi təəccüblü deyil. Böyük ehtimalla ikitərəfli münasibətlər bundan sonra daha yaxşı olacaq. Beləliklə, Rusiya və Ermənistan yenə öz- özləri ilə kifayətlənməli olacaq"- deyə K.Novruzov bildirib.

Paşinyan hökumətinin Qərbə meyil göstərməsi də məlum olduğunu vurğulayan Kənan Novruzov onu da qeyd etdi ki, bu isə o deməkdir ki, Kreml Cənubi Qafqaz regionunda tədricən sıxışdırılacaq.

"Fikrimcə, proseslər regionda altılıq platformasının yaranmasına doğru gedir. Sadəcə bəzi tərəflər buna məcbur olduqlarını başa düşməli, bunun üçün isə fakt qarşısında qalmalıdırlar. Sözsüz, Qərbin regiona gəlişi altı dövlətdən heç birinin ürəyincə deyil. Sadəcə Rusiya, Ermənistan və bəzən də İran hələlik buna mif kimi yanaşır. Onlara başa salmaq lazımdır ki, vaxtında adekvat addım atmasan, sonradan bütün region təhlükə altında qala bilər. Zənnimcə, Ankara bunu bacaracaq"- deyə ekspert fikirlərini tamamlayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR