Bayden Zelenskini Putinə qarşı "doldurur" -

"Donbasda vəziyyət gərgin olaraq qalmaqdadır. Proseslərin nə ilə nəticələnəcəyini indidən demək çətindir. Ancaq rəsmi Kiyev torpaqlarının ərazi bütövlüyü üçün imkanı daxilində hər şey etməyə hazır kimi görünür".

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, xüsusilə Prezident Vladimir Zelenskinin bu günlərdə mətbuat konfransı zamanı "Genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalı hər gün var" açıqlaması onu deməyə əsas verir ki, Ukrayna fikrində ciddidir. Kənan Novruzov onu da qeyd etdi ki, deputat Oleq Seminski isə ölkədə hərbi vəziyyətin elan olunması barədə artıq anons verib. Görünür, vəziyyət görünəndən daha kritikdir.

Bəs rəsmi Kiyevi ayağa qalxmağa ruhlandıran səbəb nədir?


"ABŞ rəsmilərinin, o cümlədən Prezident Cozef Baydenin Ukraynanın ərazi bütövlüyü barədə səsləndirdiyi açıqlamalar Kiyevi daha da ruhlandırır. Hətta ABŞ-la Ukrayna arasında "kulisdə" müəyyən razılıqların əldə olunması da mümkündür. Doğrudur, ABŞ, ola bilsin, Ukraynaya görə Rusiya ilə açıq müharibəyə girməz. Amma Krım, Donetsk, Luqansk "kartlarından" yararlanaraq Moskvaya təzyiq göstərmək, onu zəiflətmək Vaşinqtonun strateji maraqlarına tam uyğundur. Çünki indi yeni dünya nizamına formalaşmasında ABŞ- ın əsas rəqiblərindən biri məhz Rusiyadır".

Siyasi şərhçi onu da vurğuladı ki, ikinci bir tərəfdən, Ukrayna Rusiyanın çətin duruma düşməsindən istifadə etmək niyyətindədir. Belə ki, şimal qonşumuzun daxili və xarici siyasətində problemlər heç də az deyil.

"Əlbəttə, Ukrayna vətəndaşları da ilhaq faktından beziblər. Odur ki, proseslər belə davam etsə, lokal toqquşmalar olsa və sonra birdən- birə "sular durulsa" etirazlar baş verə, mövcud hakimiyyətə təhdid yarana bilər. Şübhəsiz, Ukraynanın işi Azərbaycana nisbətən daha çətindir. Bunun obyektiv və subyektiv səbəbləri var. Odur ki, Zelenski hakimiyyəti təkcə hərbi yox, həm də diplomatiya cəbhəsində irəliləməlidir. Xüsusilə, ABŞ- la əməkdaşlığı gücləndirmək Ukraynaya ciddi dividentlər qazandıra bilər. İkinci bir tərəfdən isə Gürcüstanla koordinasiyalı hərəkət etmək, oradakı daxili proseslərə müvafiq xarici siyasət yeritmək Kiyevin xeyrinə olar" deyə müsahibimiz Kənan Novruzov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR