Xilasediciliər “AirAsia” şirkətinə məxsus təyyarənin fyuzelyajını Yava dənizinin dibindən qaldırmaq üçün növbəti əməliyyata başlayıblar

Xilasediciliər “AirAsia” şirkətinə məxsus təyyarənin fyuzelyajını Yava dənizinin dibindən qaldırmaq üçün növbəti əməliyyata başlayıblar
08:18 19 Yanvar 2015
208 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 19 yanvar, AzərTAc 
Yanvarın 19-da səhər indoneziyalı xilasediciliər “AirAsia” şirkətinə məxsus qəzaya uğramış təyyarənin fyuzelyajını Yava dənizinin dibindən qaldırmaq üçün növbəti əməliyyata başlayıblar.
Meteoroloji xidmətin məlumatına əsasən, gün ərzində hava dəyişkən olsa da ərazidə yağış gözlənilmir və dalğaların hündürlüyü üç metrdən artıq olmayacaq.
Bu, son üç gün ərzində təyyarənin fyuzelyajının 26 metr uzunluğunda olan ən böyük parçasını dənizin dibindən qaldırmaq üçün xilasedicilərin növbəti cəhdidir. Əvvəlki günlərdə hava şəraiti imkan vermədiyinə görə xilasedicilərin cəhdləri uğursuzluqla nəticələnib. Mütəxəssislər təyyarədə həlak olanların əksəriyyətinin cəsədlərinin fyuzelyajın məhz bu parçasında olduğunu güman edirlər. Təyyarənin göyərtəsində 162 nəfər olduğu halda indiyədək dənizdən cəmi 51 cəsəd çıxarılıb.
İndoneziya hərbi-dəniz qüvvələrinin əməliyyatları bundan sonra öz gücü ilə davam etdirmək istəməsi barədə bəyanatından sonra xilasetmə rayonundakı digər ölkələrin nümayəndələri oranı tərk ediblər.
Xatırladaq ki,”AirAsia” şirkətinə məxsus Surabayadan Sinqapura uçan təyyarə dekabrın 28-də radarların ekranından itib. Sonradan xilasedicilər onun parçalarını Yava dənizinin dibində aşkar ediblər. Təyyarənin “qara qutu”ları xilasedicilər tərəfindən aşkar edilərək Cakartaya göndərilsə də qəzanın başvermə səbəbləri barədə hələlik dəqiq məlumat yoxdur.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xilasedicilier_AirAsia_sirketine_mexsus_teyyarenin_fyuzelyajini_Yava_denizinin_dibinden_qaldirmaq_uchun_novbeti_emeliyyata_baslayiblar-825675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR