Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Dmitri Peskov Yunanıstanın ANT1 televiziyasına Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, S-400-lər Türkiyəyə çatdırılacaq.
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev bildirib ki, Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin alışına dair müvafiq razılaşma var. Razılaşmaya görə də Rusiya Türkiyəyə S-400 raketlərinin birinci partiyasını verib. Bundan əlavə raketlərin istifadəsi üçün kadrların hazırlanması da razılaşmada əks olunub. Bu mənada S-400-lərin ikinci partiyasında Ankaraya veriləcəyi məlumdur.

"Hesab edirəm, Yunanıstanın ANT1 televiziyasında Rusiya xarici işlər naziri Dmitri Peskova belə bir sualın ünvanlanması təsadüfi deyil. Məsələ ondadır ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması Ankara ilə Vaşinqtonun arasını açdı. Türkiyənin bu məsələdə geri addım atmaması, S-400-lərin birinci hissəsini alması ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyalar tədbiq etməsi ilə nəticələndi. Hətta deyə bilərəm ki, Türkiyə lirəsinin ABŞ dolları qarşısında son zamanlar dəyər itirməsinin bir səbəbi də məhz budur. Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi hər kəsdən çox Yunanıstanın maraqlarına uyğun gəlir. Əks təqdirdə Peskovdan Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sual ünvanlanmazdı".
Turan Rzayevin fikirlərinə görə, Afina bununla mövcud ABŞ-Türkiyə gərginliyini daha da artırmaq, rəsmi Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalarını çoxaltmasını istəyir. Peskovu kifayət qədər tərübəli diplomat olduğunu vurğulayan politoloqun sözlərinə görə, yunan jurnalistin sualının provokasiya xarakterli olduğunu anlayan diplomart ABŞ faktorunu məhz bu baxımdan nəzərə alıb.
"Peskov qeyd edib ki, biz bilirik ki, ABŞ sanksiyalar oyununu oynamağı xoşlayır, baxmayaraq ki, heç vaxt məqsədlərinə çatmırlar. Bununla belə, bizim siyasətimiz müxtəlif ölkələrlə, xüsusən də tərəfdaşlarımızla əməkdaşlığa açıq olmaqdır. Peskov hər nə qədər iddialı danışsa da reallıq ondan ibarətdir ki, Rusiya və Qərbin sanksiyaları Kremli də iqtisadi cəhətdən zəiflədib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya deyil. Rusiya dünyanın ən nəhəng təbii qaz və silah satışı edən ölkələrindəndir. Türkiyə isə sənayesi yeni-yeni güclənən, dünya bazarına çıxan ölkədir. Mövcud sanksiyalar qarşısında Ankara və Moskvanın duruş qabiliyyəti eyni deyil".

Peskovun bu açıqlamasınının türk lirəsinə ciddi təsir edib dollar qarşısında daha da dəyər itirəcəyini deyən T.Rzayev onu da qeyd etdi ki, Türkiyə indiki halda S-400-ləri almaqda israrlıdır və Ankara bundan imtina edə bilməz.
"Çünki hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Lakin bununla belə Ankaranın ən qısa zamanda Vaşinqtonla ortaq məxrəcə gəlməsi lazımdır. ABŞ sanksiyaları və lirənin dollar qarşısında dəyər itirməsi bu tempdə davam etsə bu, Türkiyə iqtisadiyyatını 90-cı illər həddinə qədər gerilədə bilər. Bu isə ilk növbədə Yunanıstana sərf edəcək".
Gülbəniz Hüseynli / METBUAT.AZ