Avtoxuliqanlıq edərək şəhərdə yarış təşkil edən şəxs saxlanıldı -

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şəhər sakini Məhəmməd Baxşıyev idarə etdiyi VAZ markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Bundan başqa araşdırmalar zamanı həmin sürücünün hələlik sahibi və dövlət qeydiyyat nişanı məlum olmayan “Niva” markalı avtomobil ilə şəhər ərazisində yarış təşkil etməsi və beləliklə şəhər sakinləri üçün real təhlükə yaratması məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Baxşıyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib. Hazırda digər yarış iştirakçısının kimliyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.

Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədən və hadisə yerindən yayınan sürücünü saxlayıb. Araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR