Bakıda sevgilisinin evli olduğunu öyrənən qız ayrılmaq istədi, burnu qırıldı -

Bakının Xətai rayonunda 1984-cü il təvəllüdlü Murad sevgilisi Hicrana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Metbuat.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il dekabrın 18-də baş verib. Murad həmin gün saat 22 radələrində şəxsi münasibətlərin pozulması zəminində Hicranla mübahisə edib. O, Hicranın sifət nahiyəsindən yumruqla vurub.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad bildirib ki, Naxçıvanın Şərur rayonunda anadan olub, Ağcabədi rayonunda isə rəsmi qeydiyyatdadır: "Faktiki olaraq Bakının Xətai rayonunda yaşayıram. Hicranla təxminən 3 ilə yaxındır Bakı şəhərində tanış olmuşam. Həmin zamandan aramızda yaxın münasibətləri yaranıb. Hicran ailə üzvləri ilə birlikdə yaşayır. Tanışlıq müddətində münasibətlərimiz normal olub".

Təqsirləndirilən şəxsin sözlərinə görə, dekabrın 18-də saat 22 radələrində mobil telefon vasitəsi ilə Hicranla əlaqə yaratmaq istəyib: "Amma Hicran zənglərimi cavablandırmadı. Həmin zaman idarə etdiyim minik avtomobili ilə Hicran yaşayan evi istiqamətinə getdim. Maşını onun yaşadığı evin yaxınlığında saxladım. Hicranınmarketdən çıxaraq evləri tərəfə getdiyini gördüm. Ona yaxınlaşdım, zənglərimi cavablandırmaması səbəbini soruşdum. Xahiş etdim ki, söhbət etmək üçün maşına əyləşsin. Təklifimi qəbul etmədi, yoluna davam elədi.

Hicranla birlikdə onun yaşadığı evə doğru getdim. Həyətə təxminən 30 metr qalmış dayandı. Son zamanlar aramızda yaranmış soyuq münasibətlərə aydınlıq gətirməsi ilə bağlı verdiyim sualları cavablandırmadığı üçün əsəbiləşdim. Onun sifətinə iki yumruq vurdum. Burnundan qan gəldiyi üçün hadisə yerinə yaxın saxladığım "Toyota" markalı avtomobilin salonundan kağız tənzif götürüb, ona verdim. Hicran tənziflə burnunu sildi, yaşadığı evin həyətinə daxil oldu. Bununla da aramızda yaranmış mübahisəyə son qoyuldu".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hicranın sözlərinə görə, Muradın ailəli olmasını öyrəndikdən sonra tanışlıq münasibətlərinə son qoyulmasına qərar verib: "Murada bu barədə deməyimə baxmayaraq telefonda bildirdi ki, heç zaman məndən ayrılmayacaq. Dekabrın 18-də saat 22 radələrində yaşadığım evin yaxınlığında yerləşən marketdən qayıdanda Muradın idarə etdiyi minik avtomobilinin dayandığını gördüm.

Murad sükan arxasından düşdü, yaxınlaşaraq, telefon zənglərinin cavablandırılmamasının səbəbini soruşdu. Bir daha ona izah etdim ki, görüşməyimiz mümkün deyil. Evin həyətinə olan girişə bir qədər qalmış dayandım və Murada bir daha ailəli olduğundan görüşməyimizin mümkünsüzlüyünü izah etdim. Aramızda mübahisə yarandı. Murad qəflətən sifət nahiyəmə ardıcıl olaraq iki dəfə əli ilə vurdu.

Burnumdan qan gəldi. Murad xəsarət almağımı gördü və avtomobilindən kağız tənzif gətirərək mənə verdi. Sifət nahiyəmdə xəsarəti görən bacım hadisə ilə bağlı mobil telefon vasitəsilə Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat verdi".

Hicran ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb.

Hakim təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR