"İrəvan Azərbaycan tərəfindən irəli sürülən öhdəlikləri yerinə yetirməlidir" - Elçin Mirzəbəyli

Bir neçə gün öncə, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan Xarici İşlər Nazirliyinin təkliflərinə münasibət bildirən zaman qeyd etmişdi ki, Azərbaycanla sülh sazişi üzrə danışıqları ilkin şərt olmadan aparılmalıdır. Mirzoyanın açıqlamasında o da bildirilirdi ki, Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən BMT Nizamnaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına əsaslanan sülh sazişi üzrə danışıqları təşkil etməyi xahiş ediblər.

Mövzuya münasibət bildirən siyasi ekspert Elçin Mirzəbəylinin açıqlamasına görə, Ermənistanın “sülh danışıqlarına” Minsk Qrupunun cəlb edilməsi ilə bağlı növbəti manevr cəhdləri, həmçinin sözügedən ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın təklif etdiyi beş baza prinsipi ilə bağlı məntiqsiz açıqlamaları rəsmi İrəvanın hələ də regiondakı mövcud reallıqları dəyərləndirmək imkanında olmadığını, yaxud kənardan ötürülən təlimatlar əsasında hərəkət etdiyini sübuta yetirir. Analitikin şərhinə əsasən, beş baza prinsipindən üçü, birbaşa beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanır.


"Azərbaycan tərəfindən təklif edilən baza prinsiplərinin birinci maddəsində qeyd olunur ki, Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliklərini qarşılıqlı şəkildə tanımalıdırlar. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ölkəsinin rəsmi mövqeyini ifadə edib və bildirib ki, Ermənistan MDB-nin yaradılması haqqında saziş imzalamaqla artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, bu konkret tələbdən, yaxud təklifdən növbəti dəfə ermənisayaq yayınma cəhdindən başqa bir şey deyil. Xatırladım ki, Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə bağlı Belovejsk razılaşması 1991-ci il dekabrın 8-də imzalanıb. Azərbaycan, Ermənistan və digər ölkələr razılaşmaya həmin ilin dekabrının 21-də qoşulublar. Həmin gün MDB-nin məqsədləri və prinsipləri haqqında Bəyannamə də imzalanıb və sözügedən sənəddə MDB üzvü olan ölkələrin “bir-birilərinin ərazi bütövlüklərini tanıdıqları və hörmətlə yanaşdıqları, mövcud sərhədlərin toxunulmazığı prinsipini qəbul etdikləri” imperativ şəkildə qeyd olunub. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın MDB-yə qoşulması ilə bağlı sənəd ölkə parlamentində 24 sentyabr 1993-cü ildə ratifikasiya olunub və elə həmin gün MDB dövlət başçıları şurasının qərarı ilə ölkəmiz rəsmi şəkildə MDB-nin üzvlüyünə qəbul edilib. Ermənistan isə MDB-nin yaradılması ilə bağlı sənədi 1991-ci il dekabrın 26-da ratifikasiya edib və təbii ki, Azərbaycandan 1 il 9 ay öncə MDB üzvlüyünə qəbul olunub. Bu isə o deməkdir ki, Ermənistan Ararat Mirzoyanın iddia etdiyi kimi MDB-nin yaradılması ilə bağlı sənədi imzalayanda Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməzdi, ona görə ki, Azərbaycan həmin dövrdə MDB-nin üzvü deyildi".

Elçin Mirzəbəyli onu da vurğuladı ki, razılaşmada yer alan prinsiplər sonradan qoşulan dövlətləri də əhatə etsə də, ancaq bunun Mirzoyanın istinad etdiyi zaman kəsiyinə heç bir aidiyyatı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan MDB-yə qoşulmaq haqqında sənədi dövlət başçılarının iştirakı ilə 1991-ci il dekabrın 21-də imzalayıblar və sənəd hətta sonradan ratifikasiya olunsa da belə, Azərbaycan Respublikasının 10 rayonu Ermənistan ordusu tərəfindən sözügedən razılaşma imzalandıqdan sonra işğal edilib.

"Qeyd edim ki, bu rayonlardan biri – Zəngilan rayonu isə Azərbaycan MDB-yə rəsmi şəkildə üzv qəbul edildikdən sonra işğal altına düşüb. Bu isə o deməkdir ki, Ermənistan xarici işlər nazirinin mülahizələrinin heç bir əsası yoxdur və rəsmi İrəvan sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfindən irəli sürülən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə bu sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti olmayacaq. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan Xocalı istisna olunmaqla, Azərbaycan hazırda işğaldan azad etdiyimiz bütün digər ərazilərini BMT-yə üzv qəbul olunduqdan sonra qəsb edib. Yəni BMT-nin Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozub. BMT Nizamnaməsi isə MDB-nin yaradılması haqqında razılaşmadan və bu xüsusda sonradan imzalanan, ratifikasiya edilən bəyannamə və protokollardan dəfələrlə üstün hüquqi qüvvəyə malikdir".

Ekspert qeyd etdi ki, BMT Nizamnaməsinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayan bir ölkənin MDB-nin yaradılması haqqında sazişlə bağlı mülahizələrinə etimad göstərmək üçün heç bir əsas yoxdur. Ermənistan məhz Azərbaycan qarşısında, həm də konkret önləyici təsir mexanizmləri olan öhdəliklər götürməlidir.

"Azərbaycanın təklif etdiyi baza prinsipləri isə mahiyyət etibarilə BMT Nizamnaməsinə, eləcə də beynəlxalq hüququn digər əsas norma və prinsiplərinə söykəndiyi üçün Ermənistanın bu prinsplərdən imtina etmək üçün heç bir tutarlı hüququ və məntiqli əsası ola bilməz" deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR