Ermənistanın “qədim siyasəti”: Terrorizmin izləri kütləvi məzarlıqlarda üzə çıxır -

Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı, yəni 1988-1994-cü illər ərzində itkin düşən minlərlə soydaşımızın taleyindən hələ də xəbər yoxdur. Bu illərdə minlərlə azərbaycanlı qətlə yetirilərək diri-diri yandırılıb, daha sonra kütləvi basdırılaraq izlər itirilməyə çalışılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olub ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

İşğaldan azad edilən rayonlara “Böyük qayıdış” istiqamətində görülən işlərdən biri də müharibə vaxtı itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi və bu haqda onların ailələrinə məlumat verilməsindən ibarətdir. Bu sahədə Prezident İlham Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası qarşısında müəyyən vəzifələr qoymuşdur. Aparılmış qazıntı işləri nəticəsində həmin ərazilərdə, xüsusən Füzuli, Xocavənd, Ağdam, Şuşa şəhəri, Şuşa şəhərinin ətrafında kütləvi məzarlıqlar aşkarlanmışdır. Belə məzarlıqlardan biri də Xocavənd rayonunun Edilli kəndi yaxınlığındadır.

Xocavəndin Edilli kəndində kütləvi məzarlıq

Burada saxlanılan əsir və girovların ifadələrinə görə, kəndin kənarında ekskavator vasitəsi ilə quyu qazılaraq kamaz markalı yük maşının yük hissəsində meyitlər buraya gətirilib və vəhşicəsinə basdırılıb. Şahidlərin danışdıqlarından bəlli olub ki, məzarlıqda basdırılan cəsədlərin qəbirlərinin üstünün doldurulması zamanı da həmin vaxt orada saxlanılan girovların əməyindən istifadə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun üzvü Zaur İsmayılov mediaya açıqlamasında bildirib ki, Füzuli rayonun Kürdmahmudlu və Seyid Əhmədli kəndində də bu tipdə olan qəbirlərin olduğu məlumatı var.

Xarici və yerli KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan məzarlığa baxış keçirən zaman

“Mina təhlükəsi olduğuna görə bizim hər hansı bir iş aparmağımız mümkün deyil. Yaxın gələcəkdə o məsələlər öz həllini tapacaq. Ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyasının qarşılıqlı əməkdaşlıq sazişləri var. Həmin sazişlər çərçivəsində biz onlarla birgə bu işləri həyata keçiririk".

Azərbaycan Ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar ediblər. Həmin qalıqların da Xocalının Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla eyni olduğu, yəni Birinci Qarabağ müharibəsində kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilirdi.

Siyasi ekspert Turan Rzayev Metbuat.az-a şərhində bildirdi ki, bu məzarlıqların aşkar edilməsi erməni həqiqətlərinin üzə çıxması və bu xalqın iç üzünün dünyaya sübutu baxımından çox vacibdir.


"Fərrux kəndində aşkar edilən məzarlıq da Edilli kəndində olduğu kimi Birinci Qarabağ müharibəsi zamanı Fərrux kəndi və Daşbaşı yüksəkliyi uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduqları təxmin edilir. Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımız - 3 min 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq, mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb. Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıblar. Xocavəndin Edilli kəndi və Xocalı rayonunun Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur".

Ekspert bildirdi ki, Daşbaşı yüksəkliyində aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəftara məruz qalıb. Mümkündür ki, həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb.

"Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Ola bilsin hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Qeyd etmək istərdim ki, bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də var”.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar zamanı kütləvi məzarlıqların mövcudluğu ehtimalının olduğu ərazilər arasında Bağanis Ayrım kəndi də var. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilən qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilər 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləridir. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb.


Müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyi

Birinci Qarabağ müharibəsində ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Ən çox kütləvi məzarlığın da məhz bu ərazidə olması ehtimalı var. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib, əhalini kütləvi formada qırıblar. Həmin tarixdə 779 dinc sakinə divan tutulub, 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək məlumat yoxdur. Növbəti erməni vəhşiliyinin hədəfi isə Goranboyun Ballıqaya yaylağı olub. 1992-ci il 28 avqust Ballıqaya faciəsi tarixə ən dəhşətli qətliam kimi düşüb. Səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Laçınlılara qarşı törədilən insanlığın utanc yeri olan Ballıqaya faciəsində 24 nəfər eyni gündə qətlə yetirilib.

Dəhşətli cinayətlərdən biri də Kəlbəcər rayonunun “Tunel” adlanan ərazisidir. Sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Mel­konyanın başçılığı ilə törədilən bu qətliam nəticəsində 82 nəfər azərbaycanlı həlak olub. Onların 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər əsir götürülüb. Bu faciənin qurbanı olan insanların bəziləri hələ də itkin düşmüş sayılır. Bu ərazidə də kütləvi məzarlığın olduğu bildirilir. Azərbaycanlıların kütləvi basdırıldığı məzarlığın biri də Başlıbeldir. 1993-cü ilin aprelin 18-də ermənilər 14 nəfər girov götürüb, 18 nəfər azərbaycanlını isə qətlə yetiriblər. Sağ qalan 30 nəfər isə 113 gündən sonra gizləndikləri sığınacaqdan çıxaraq yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, azad edilən ərazilərimizdə inşaat quruculuq işləri davam etdikcə daha çox kütləvi məzarlıqlar tapılacaqdır.

“Qazıntıların nəticəsi olaraq minlərlə vətəndaşımız 30 ildən sonra olsa da, itkin düşən doğmasının taleyindən xəbərdar olacaqdır. Ermənilər Qarabağ torpaqlarından geri çəkilməməkdə israr edirlər. Səbəb də odur ki, Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalı var. Hələ bir müddət sonra da həmin ərazilərdə kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür. Edillidə və Fərruxda tapılan kütləvi məzarlıq erməni vandalizmini dünyaya sübut edir".

Jurnalist Asəf Quliyev Metbuat.az-a açıqlamasında bildirdi ki, Ermənistanın Azərbaycana təcavüzü zamanı yaşanan üstü açılması çətin olan cinayətlərdən biri də kütləvi məzarlıqlar məsələsidir. Bu məsələ nə qədər aşkar görünsə də, sübutu çətindir.

Müsahibimiz bunun bir neçə səbəbi olduğunu açıqladı. Birinci səbəb odur ki, bəzi kütləvi məzarlıqlar hazırda Rusiya sülhməramlılarının nəzarəti altındadır. İkinci səbəb ermənilərin bu faktları hələ də etiraf etməməsi ilə bağlıdır. Üçüncüsü isə zaman faktorudur.

Asəf Quliyev

“Mənim araşdırmalarıma görə, ilk belə məzarlıq Daşaltı əməliyyatından sonra yarana bilərdi. Çünki Daşaltı əməliyyatından sonra onlarla Azərbaycan hərbçisi itkin düşdü. Ermənistan tərəfində bu faktların heç bir qeydiyyatı aparılmayıb. Buna görə də, hətta arxivlərdə iş aparılsa belə nəsə əldə etmək çətindir. Sual oluna bilər ki, bu gün Daşaltı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir, niyə orada araşdırma aparılmır? Nəzərinizə çatdırım ki, itkin düşənlərin bir çoxu Daşaltında yox, əməliyyat rayonuna gedərkən pusquya düşüblər və onların cəsədlərinin qalıqlarının hazırda Azərbaycanın nəzarətində olan ərazidə olması inandırıcı deyil. Daşaltı əməliyyatında itkin düşənlərin kütləvi məzarlığını aşkar etmək üçün həmin əraziyə əməliyyat üçün gedənlərin marşrut trayektoriyasında araşdırmalar aparılmalıdır”.

Asəf Quliyev deyir ki, daha faciəli hadisələrdən biri Xocalıda törədilsə də, hətta sübut və dəllilər olsa da, ermənilər hələ də bunu etiraf etmirlər.

“İşğal baş verdikdən sonra Xocalıda olan jurnalistlər şəhərdə qətlə yetirilən insanların cəsədlərini lentə alıblar. Bu insanların cəsədləri Azərbaycan tərəfinə qaytarılmadı. Həmin cəsədlərin Xocalı ətrafında kütləvi məzarlıqda dəfn edildikləri faktdır. Ancaq nə erməni tərəfi bunu etiraf etmir, nə də hazırda bizim orada araşdırma aparmaq imkanımız yoxdur. Xocalı ilə bağlı başqa bir fakt da şahid ifadələrinə görə onlarla xocalılının qətlə yetirilməsidir. Lakin belə qətlə yetirilənlərdən barmaqla sayılacaq qədərinin cəsədi Azərbaycana təhvil verilib. Deməli, həmin şəxslər də hardasa Xocalı və Əsgəran ətrafında dəfn ediliblər. Ola bilər ki, onlar hamısı eyni yerdə yox, müxtəlif yerlərə dəfn ediliblər və onları basdıran ermənilər artıq Qarabağda və yaxud da həyatda yoxdular. Demək, bu yerləri tapmaq çətin olacaq”.

Xocalıda qətlə yetirilənlərin bir hissəsi Əsgəran ərazisində də basdırılıb. Müsahibimiz söylədi ki, hətta Azərbaycan Milli Ordusunun ilk hərbi pilotu Vaqif Qurbanovun da dəfn edildiyi yer bu ərazidədir.


Vaqif Qurbanov

“Bir vaxtlar mən ilk hərbi təyyarəçimiz Vaqif Qurbanovla bağlı araşdırma aparan zaman məlumat əldə etdim ki, təyyarə vurulduqdan sonra onu Əsgəran yaxınlığında dəfn ediblər. Amma o zaman mənim ora getmək və məzarın yerini tapmaq imkanım yox idi. Əslində heç indi də yoxdur. Əgər indi belə bir imkanım olsa belə həmin yeri bilən insanları (erməniləri) tapmaq çox çətindir. Zaman artıq öz neqativ sözünü deyir. Bir məsələni də xüsusi qeyd edim ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bununla bağlı daim ciddi iş aparır, amma real nəticə əldə etmək çox çətindir”.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Metbuat.az-a bildirdi ki, son 200 ildə böyük dövlətlərin hərtərəfli dəstəyi ilə ermənilər tarixi Azərbaycan torpaqları, Cənubi Azərbaycan, Türkiyə və Orta Asiyada soyqırımlar, etnik təmizləmə, qətliamlar törədiblər.


Sübhan Talıblı

“1918-ci ilin aprel-may ayları ərzində Daşnaksütyun partiyasının silahlı dəstələri, Bakı kommunasına tabe olan Hamazapsın başçılığı ilə mülki əhalini qətlə yetirib. Həmin illərə aid 2007-ci ilin aprelində Quba şəhərinin şimalında, Qudyalçayın kənarında tapılmış Quba kütləvi məzarlığı erməni vəhşiliyinin əyani sübutudur. Həmçinin Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində "Qara sandıq" adlı qəbiristanlığın ərazisi, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş "Cilovluq" adlı soyqırımın qurbanlarına aid kütləvi məzarlıq, Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin Kəlbəcərdə, Başlıbeldə, Şuşa ətrafında, Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində və s. yerlərdə kütləvi məzarlıqlar tapılıb. Təcavüzkar Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasətini davam etdirməklə 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və əlavə protokollarını, BMT-nin, Haaqa Konvensiyasının, İslam əməkdaşlıq Təşkilatının, UNESCO-nun, eləcə də digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozur. Eyni zamanda da 1949-cu il Cenevrə Konvensiyası və onun müvafiq protokolları və bütövlükdə beynəlxalq humanitar hüquq normaları ilə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Ermənistan tərəfi sözügedən dövlətin silahlı qüvvələri tərəfindən sistemli surətdə qətlə yetirilən mülki və hərbi Azərbaycan vətəndaşları və onların kütləvi şəkildə basdırıldıqları məzarlıqların yerləri barədə məlumatları Azərbaycana tərəfinə təqdim etməyə borclu olmasına baxmayaraq, hələ də buna riayət etmir”.

Sübhan Talıblı onu da xatırlatdı ki, Azərbaycan Ermənistan tərəfindən terrora, soyqırıma məruz qalması və xüsusilə də kütləvi məzaqlıqların aşkarlanması, həmçinin 4 minə yaxın Azərbaycan vətəndaşının əsir olması faktını Ermənistandan kompensasiya kimi tələb etməyə qadirdir.

Sübhan Talıblı onu da xatırlatdı ki, Azərbaycan, Ermənistan tərəfindən terrora, soyqıma məruz qalması və xüsusilə də kütləvi məzaqlıqların aşkarlanması, həmçinin 4000 minə yaxın Azərbaycan vətəndaşının əsir olması faktını Ermənistandan kompensasiya kimi tələb etməyə qadirdir.

“Digər tərəfdən biz kütləvi məzarlıqlarla bağlı fakt, sənəd, kadr, fotolar, şahidlərin qeydləri, əsirlərin xatirələri, xarici və yerli medianın yazılarını toplayaraq kitab halında xarici dillərdə çap etdirməliyik. Kütləvi məzarlıqlarla bağlı xarici ölkələrdə seminar, konfrans, tədbirlər təşkil etməliyik. Həmçinin bu faktların xarici KİV-də həm yerli, həm də digər ölkələrdən olan jurnalist, tədqiqatçı, alimlərin məqalələr yazmasına, müsahiblər verməsinə nail olmalıyıq. Elmi-praktiki konfranslara, tədbirlərə gəldikdə isə bunları həm Azərbaycanın və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, həm də QHT, siyasi və ictimai partiyalar, KİV və s. müvafiq qurumları ilə birgə təşkili mümkündür. Təcavüzkar Ermənistan dövlətinin terror siyasəti, insanlıqdan və hüquqdan kənar kütləvi şəkildə basdırıldıqları məzarlıqlar da dünya ictimaiyyətinə beynəlxalq və regional təşkilatlar tərəfindən ətraflı şəkildə, fakt, sənədlərə söykənərək çatdırılmalıdır. Bütün bunların hamısı bir daha Azərbaycanın haqq, hüquq yolunda olmasını, eləcə də xalqımızın başına gətirilən faciələri əyani şəkildə sübut etməyimiz üçün gərəkli vasitədir”


Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR