"Rusiya Qarabağla bağlı Azərbaycana diqtə edəcək gücdə deyil" -

Xəbər verdiyimiz kimi, Cənubi Osetiya separatçılarının Rusiyanın tərkibinə qatılmaq üçün referendum keçirmək planı Qarabağdakı erməni separatçılarını həvəsləndirib. Separatçıların nümayəndələrindən biri Sasun Barsekyan bildirib ki, Ermənistan onlardan əlini çəkdiyinə görə referandum keçirərək Rusiyaya birləşmək lazımdır.

Məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Rusiyanın hər zaman ənənəvi siyasi münasibətinə uyğun olaraq, bu günə qədər Qarabağdakı canfəşanlığının arxasında dayanan əsas səbəb bölgəni Cənubi Osetiya, Abxaziya, Donetsk, Luqansk kimi bir formaya gətirməkdir. Politoloq xatırlatdı ki, bir müddət əvvəl Rusiya Qarabağda Rusiya pasportları paylayaraq, vətəndaşlıq vermək kimi cəhdlər etmişdi. Samir Hümbətov deyir ki, tam təsdiq olunmasa da, ermənilərin Rusiyaya birləşmək kimi ideyaları ortaya çıxıbsa, burada Moskvanın əli olduğuna işarədir.


"Brüssel görüşü həm Azərbaycan, həm də Ermənistan üçün çox vacibdir. Xüsusilə Rusiyadakı bəzi anti-Azərbaycan meyilli dairələr və ermənipərvər qüvvələr bu barədə tez-tez fikirlər səsləndirirlər. Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə bitibdir. Bildiyiniz kimi, Qarabağda Rusiyanın dırnaqarası sülhməramlıları müvəqqəti məskunlaşıblar. Onların zamanında bölgədən çıxarılması labüddür. Əgər Rusiya sülhməramlıları Qarabağda uzunmüddətli qalarsa bu gələcəkdə münaqişəyə səbəb ola bilər. Hesab edirəm ki, bu məsələdə bir qədər ehtiyyatlı davranaraq, qəti addımlar atmaq lazımdır".

Samir Hümbətov xüsusilə qeyd etdi ki, məhz Brüssel görüşündə Ermənistan - Azərbaycan arasında qaranlıq qalan məsələlərin aydınlanması yolunda addımlar atıldı. Bir müddət öncə hər iki tərəf qarşılıqlı şəkildə sülh üçün təkliflərini irəli sürərək qarşılıqlı maraqları təmin etməyə çalışmışdılar. Xüsusilə də burada Ermənistan tərəfinin təklifləri daha çox diqqəti cəlb edir.

"10 Noyabr 2020-ci ildə imzalanmış üçlü Bəyannamənin şərtlərini hələ də yerinə yetirməyən Ermənistanın Azərbaycana qarşı əlavə təkliflər irəli sürməsi özü belə absurd addımdır. Əgər Azərbaycan Ermənistanla bu şərtlər məsələsini həll edə bilərsə, Rusiya məcbur qalaraq aradan çəkiləcəkdir. Rusiya Qarabağda özününün varlığını qoruyub, Azərbaycana diqtə etməyə çalışacaq gücdə deyildir. Ukrayna məsələsindən kifayət qədər dərs götürən Rusiya, Azərbaycanla böyük bir münaqişəyə girmək istəməz. Burada Türkiyənin müttəfiqliyi də böyük rol oynayır. Qərbin uzunmüddətli strateji panları ilə Ermənistan tərəfi Azərbaycanla danışıqlar masasına oturacaq. Əlbəttə ki, Ermənistandakı mövcud hökumət bu addımı qərbə inteqrasiya yolunda bir vasitə kimi görür. Ona görə də Paşinyan hökuməti üçün həm qərbə inteqrasiya yolunda, həm də dövləti iqtisadi tənəzzüldən çıxarmaq üçün ən ideal variant məhz danışıqlar masasına oturmaq və yekun həll yolu tapmaqdır", - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR