Sumqayıtda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq “Azərsu” ASC-nin yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Metbuat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən ferma və ət kəsimi sexində sudan sayğacdankənar istifadənin qarşısı alınıb. Belə ki, obyektin müqaviləsi və suölçən cihazı olsa da, sahibkar sayğaca gedən xətti kəsib. Əvəzində rezin boru ilə qeyri-qanuni xətt çəkərək sudan sayğacdankənar istifadə edib. Bundan əvvəl də həmin obyektdə analoji hal yaşanıb. Buna görə sahibkara akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi əvvəlki əməlini təkrarlayıb.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən quş yemi istehsal edən sexin isə, ümumiyyətlə, müqaviləsi və sayğacı yoxdur. Obyekt sahibi Sumqayıt şəhərini içməli su ilə təchiz edən 450 mm diametrli magistral su kəmərinin kollektoruna qanunsuz qoşulma verib, buradan 1 km-ə yaxın məsafəyə su xətti çəkib. Həmin ərazidəki qaraj kimi fəaliyyət göstərən obyektdə də sudan qanunsuz istifadə olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Bu ilin I rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 093, Sumqayıt şəhəri üzrə 117 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və 27 kubmetr həcmində sərfiyyat bərpa olunub. Sudan qanunsuz istifadə ilə bağlı 60 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR