Musiqi sənəti üzrə qabiliyyət imtahanı yalnız ixtisas fənnindən keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə görüş keçirilib.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin direktoru Teymur Göyçayev və DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov iştirak edib.

İclasın əsas məqsədi bu il musiqi sənəti istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək olub.

Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə musiqi sənəti istiqaməti üzrə Bakıda fəaliyyət göstərəcək Bəstəkarlıq komissiyasında ixtisas və harmoniya (şifahi), Musiqişünaslıq komissiyasında musiqi ədəbiyyatı və harmoniya (şifahi), qalan digər musiqi komissiyaları üzrə isə yalnız ixtisas fənnindən qabiliyyət imtahanlarının keçirilməsi qərara alınıb. Görüşdə, həmçinin müvafiq istiqamət üzrə qabiliyyət imtahanı proqramları təsdiq olunub.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanı proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq.

İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə də tanış olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR