Çimərliklərdə sağ qalmaq üçün hansı qaydalara diqqət edilməlidir? -

İyun ayının 15-dən sonra Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək. Yayın istisindən dənizə sərinləmək üçün üz tutan vətəndaşların sağ-salamat gedib- qayıtmaqları üçün bilməli olduqları vacib məqamlar var.

Bu barədə Metbuat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, çimərliyə gedən zaman öncə hava şəraitinə və çimərlik seçiminə diqqət etmək lazımdır. Əlverişsiz hava şəraitində çimərliyə getmək yolverilməzdir.


“Əsasən də günün qızmar vaxtında saat 12-3 aralığına qədər kölgə yerdə istirahəti təşkil etmək, çimərlik seçimi zamanı həmin ərazinin sanitar gigiyenik normalara cavab verib-vermədiyi ilə maraqlanmaq lazımdır. Monitorinqlərin aparılmadığı qeyri-çimərliklər insanların sağlamlığı üçün təhlükəlidir. Dənizə girməmişdən öncə suya nəzər yetirmək vacibdir. Ola bilsin su axınları olsun. Bunu müəyyən etmək çətin deyil. Belə ki, dəniz suyu adi halda mavi, açıq göy olur.

Su axınları olan hissə isə bir xətt boyunca ağ rəngdə olur, sanki köpük əmələ gəlir və batır. Bu halda suya girmək olmaz. Axına düşən şəxs isə panikaya qapılmamalıdır. Sadəcə sahilə paralel üzməklə axından çıxa bilər. Xilasedicilərin, qadağanedici işarələrin olmadığı yerlərə getmək tövsiyə edilmir. Digər tərəfdən ümumiyyətlə qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülməli, bundan sonra insanların ixtiyarına verilməlidir”.

Ekspert boğulma təhlükəsi ilə qarşı-qarşıya qaldıqda necə davranılmalı olduğunu da açıqlayıb. Bildirib ki, boğulma hallarının başlıca səbəbi suda olan şəxsin təşvişə düşməsidir.

“İnsan təşvişə düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan yuxarı qaldırır, ayaq barmaqlarının uclarını yerə vurmağa çalışır ki, su üzərinə çıxsın. Bu da əksinə batması ilə nəticələnir. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxs əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başı suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulma müddəti 4-5 dəqiqəni keçməyibsə, ilkin yardım göstərməklə həyata qaytarmaq olar”.

Müsahibimiz qeyd etdi ki, çimərliyə gedən zaman suya üzmək üçün salınan vasitələri aparmaq yolverilməzdir. Çünki həmin vasitələrin texniki baxışdan keçirilmədən istifadə olunması arzuolunmaz nəticələr yaradır. Bununla yanaşı suda olan zaman yarışlar keçirib, qaya parçasından tullanıb əyləncə təşkil etmək də gözlənilməz mənfi hadisələrin yaşanmasına səbəb ola bilər. Suda üzən zaman qadağanedici şarları keçən olarsa və yaxud özləri ilə hava şarları, katamaran, skuterlər və motorlu su qayıqları gətirib suya salmaq istəyənlər aşkar edərsə, xilasedicilər tərəfindən dərhal müdaxilə edilməlidir.


“Ümumiyyətlə çimərlik ərazisini təmiz saxlamaq vacibdir. İstirahət edən zaman şüşə qablardan və yaxud butulkalardan istifadə sonrası onları qumsaq əraziyə atıb, ətrafı zibilləmək anti-sanitar vəziyyət yaradır. Bir müddət sonra parçalanmış şüşə qırıntıları ciddi xəsarət yaradacaq qədər təhlükəli ola bilər. Xüsusən də uşaqların qum üzərində əyləncə prosessi əsnasında əli və digər bədən üzvlərində kəsiklər yaranma ehtimalı var. Təkcə dənizdə deyil, çay və göl ətrafında təşkil edilən istirahət zamanı da sudan istifadə qaydalarına diqqət etmək lazımdır. Çünki suyun üstü ilə altı arasında altı dəfədən çox təzyiq var. Çimərlik üçün nəzərdə tutulmadığından suyun dibinə baxış keçirilmədiyi təqdirdə oradakı vəziyyət də insan üçün təhlükəli sayılır. Ən əsas çimərlikdə, ümumiyyətlə, azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz. Azyaşlı uşaqlar mütləq böyüklərin, valideynlərin nəzarəti altında dincəlməlidirlər. Əks halda bir diqqətsizlik sonda bədbəxt hadisəni qaçılmaz edir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR