Sabiq bələdiyyə sədri Aytac Əliyeva hakim qarşısında -

Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyevaya qarşı başladılmış cinayət işi üzrə istintaq tamamlanıb.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Rasim Sadıxov jurnalistləri açıq məhkəmə iclasına buraxmayıb.

İlkin məlumata görə, iclasda ittiham aktı elan olunub. Məlum olub ki, Aytac Əliyeva və bacısı İlknur Turkut aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim ediblər. Zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıb pullarını alıblar. İttihama görə, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses iyulun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Əliyeva Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. Onlar hər ikisi həbsdədir.

Aytac Əliyeva YAP Binəqədi rayon təşkilatının Qadınlar şurasının sədri olub. Sentyabr ayında keçirilən seçkilərdə şura ləğv edildiyi üçün A.Əliyeva bu vəzifəsini itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR