Paşinyan etiraf edir ki, Azərbaycan dəhlizin çəkilməsi prosesini icra edir -

"Paşinyanın son bəyanatları böyük rezonans doğurub. Revanşist məntiqdən çıxış edən Paşinyan görünür regionda yeni reallıqları qəbul etmək istəmir"

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov edib. Analitikin fikrincə

Paşinyan bu bəyanatları ilə təhlükəsizliyə və sülhə böyük təhdid törədir.

İlyas Hüseynov

"Yeni reallıqları Nikol Paşinyan qəbul edib və bununla bağlı 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanata imza atıb və sonrakı diplomatik siyasi proseslərdə iştirak edib. 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyanatlarına da imza atıb. Eləcə də Avropa İttifaqının vasitəçiliyilə keçirilmiş görüşlərdə və danışıqlarda bir sıra öhdəliklər üzərinə götürüb. Bununla bağlı biz Şarl Mişelin bəyanatlarında da regionun təhlükəsizliyinə dair fikirlərdə görə bilərik. Bəyanata görə, Laçın şəhərinin mərkəzi azad olunmalıdır və alternativ dəhlizin çəkilməsi prosesi həyata keçirilməlidir. Müxtəlif çıxışlarımızda bu məsələyə diqqət çəksək də proses hərəkətə gəlmirdi. Lakin artıq ildırım sürətilə Laçın dəhlizinin çəkilməsi həyata keçirilir. Bu dəhlizlə bağlı uzun müddətdir ki, Ermənistanda müxtəlif fikirlər səslənir və təlaş hissi duyulmaqdadır. Artıq Paşinyan da etiraf edir ki, Azərbaycan tərəfi dəhlizin çəkilməsi prosesini icra edir və tezliklə bu proses sona çatacaq. Lakin Rusiya sülhməramlılarının nəzarətinə keçməklə bağlı hələ yekdil fikir yoxdur. Baxmayaraq ki, üçtərəfli birgə bəyanatda Laçın dəhlizində sülhməramlıların yerləşdirilməsi fikirləri yer alır. Düşünürəm ki, Azərbaycan bu məsələdə suveren hüquqlarımızdan və milli maraqlarımızdan çıxış edərək addımlar atacaq. Çünki qeyri-qanuni gediş-gəlişlər, təxribat xarakterli addımlar sülhə və təhlükəsizliyə mənfi təsir göstərir".

İlyas Hüseynov qeyd etdi ki, Azərbaycan imkan verə bilməz ki, humanitar məqsədlər üçün istifadəyə verilən dəhlizdən Ermənistanın nazirləri, rəsmi vəzifəli şəxsləri istifadə etsin:

"Əgər Ermənistan tərəfi Laçın dəhlizindən istifadə edirsə Azərbaycan da Naxçıvanla əlaqənin təmin edilməsi işini həyata keçirtməlidir. Üçtərəfli birgə bəyanat əsasında hüquqi zəmində təsbit olunmuş hüquqlardan istifadə etməlidir və burada eynilik prinsipi tətbiq olunmalıdır. Gömrük nəzarəti həyata keçiriləcəksə, əlavə yoxlanışa cəlb olunma olacaqsa onda Azərbaycan da Laçın dəhlizi ilə bağlı adekvat addımları həyata keçirə bilər. Bu, Azərbaycanın suveren hüquqlarıdır. Beynəlxalq hüquqdan irəli gələn prinsiplər əsasında icra olunur. Ona görə də Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir ki, yükdaşımalar sürətli şəkildə icra oluna bilsin", - deyə politoloq fikrini yekunlaşdırıb.

Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan "Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər yaşayış evləri ilə təmin olunacaq" kimi bəyanatlar verərək erməni ictimaiyyətində rezonans yaratmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR