40 yaşında SOCAR-ı idarə edəcək olan Rövşən Nəcəf kimdir? -

Rövşən Çingiz oğlu Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

2008-2009-cu illərdə ARDNŞ-in Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub.

2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR