"Qarabağ"ın legioneri əməliyyat oluna bilər

İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina əməliyyat oluna bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, MRT müayinəsindən sonra 29 yaşlı müdafiəçinin sol budundakı əzələlərdə birinci və ikinci dərəcəli dartılma aşkarlanıb: "Bundan əlavə, qasıq bağlarında hissəvi yırtıqların əmələ gəldiyi məlum olub. Bu isə kifayət qədər ciddi zədədir".

Klub rəsmisi kolumbiyalı oyunçunun yenidən MRT müayinəsindən keçəcəyini söyləyib: "Təkrar yoxlanışdan sonra Medinanın əməliyyata ehtiyacının olub-olmayacağı dəqiqləşəcək. Bundan sonra, yekun qərar veriləcək. Cərrahi müdaxilə olsa, futbolçu daha uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Əməliyyat olmasa belə, Medina bir ay futbol oynamayacaq".

Qeyd edək ki, Kevin Medina görüşün 43-cü dəqiqəsində zədələnib. Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR