Bakı, 1 iyun, AZƏRTAC
Burundi hökuməti iyunda keçirilməsi nəzərdə tutulan parlament və prezident seçkilərini ən azı ay yarım müddətinə qədər təxirə sala bilər. Bu barədə məlumat mayın 31-də Şərqi Afrika ölkələri birliyinin Tanzaniyada keçirilən sammitində açıqlanıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, may ayının əvvəllərində Burundinin hazırkı prezidenti Pyer Nkurunziza üçüncü müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. P.Nkurunzizanın əleyhdarları bunun prezidentlik postunda fəaliyyəti iki müddətlə məhdudlaşdıran konstitusiya müddəalarına zidd olduğunu bildiriblər. Bundan sonra ölkədə bir neçə həftə davam edən və zorakılıqla müşayiət edilən etiraz aksiyaları başlayıb. Toqquşmalar nəticəsində 20-yə qədər insan həlak olub.
Müxalifət sammitin nəticələrindən məyus olduğunu bildirib və etiraz aksiyalarını yenidən davam etdirməyə çağırıb.