Radikal dəstə Londondakı səfirliyimizə necə hücum edib? -

"Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub, səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanovun APA-ya müsahibəsində deyib.

O bildirib ki, həmin vaxtı Londonda olmayıb. Səfirliyin binasında isə cəmi 4 işçi olub:

"İstər diplomatik korpuslarda, istərsə də dövlət qurumlarının əksəriyyətində əməkdaşlar əsasən avqust ayında məzuniyyətə çıxırlar. Əslində səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə idi. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs çalışırdı. Hücum vaxtı isə 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaşımız olub. Mən özüm Bakıda idim. Hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi, dərhal Londona qayıtmışam".

Elin Süleymanov həmçinin sosial şəbəkələrdə səfirlik əməkdaşları qınaq obyektinə çevrilməsindən də danışıb:

"Səfirlik əməkdaşları bütün təhlükəsizlik protokollarına riayət etməlidir. Bu protokollar belə bir hücum qarşısında hansısa təmas və ya qarşıdurma yaratmaqdan çəkinməyə çağırır. Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub, səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar. Yəni onlar təhlükəsizlik protokoluna uyğun davranıblar. Bu, özü-özlüyündə böyük bir işdir. Diplomatlar yalnız xüsusi polis əməliyyatı nəticəsində binadan çıxa biliblər. Əməkdaşlarımız böyük stress keçiriblər. Heç bir diplomat belə bir stress keçirməməlidir. Onlar mülki şəxslərdir və mən əslində çox şadam ki, onlara heç bir xəsarət almayıb. Bir səfir kimi əsas prioritet odur ki, bizim vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin.

Hücum zamanı müvəqqəti işlər vəkili olan Rəşad Vahabzadənin prioriteti də o idi və onlar tam şəkildə qaydalara, təhlükəsizlik protokoluna uyğun davranıblar. Əməkdaşlarımızın belə bir hücuma məruz qalmağı qəbuledilməzdir. Çox narahatam ki, belə bir hadisə baş verib. Bizim diplomat da xalqın övladıdır, vətəndaşıdır. Onlar az qala terror aktının qurbanı ola bilərdilər. Azərbaycanın bir diplomatı girov götürülsə, ona nəsə olsa, bu daha dərin problem ola bilərdi.

Belə bir hücumu edənlər Azərbaycana qarşı düşmənçilik hissi olan şəxslərdir və əsas qınaq onlara yönəldilməlidir. Böyük təzyiq və stress altında qalan diplomatlarımız hədəfdə olmamalıdır, bu vəhşi hücumu keçirənlər hədəfdə olmalıdır".

Səfir bildirib ki, Britaniya XİN onlarla əlaqə saxlayıb, üzrxahlıq edib:

"Görüşlər keçirilib, mən özüm də onlarla görüşmüşəm. Onlar bizə üzrxahlıq da etdilər. Ancaq biz üzrxahlıq yox, təhlükəsizlik təminatı və daha çox bu istintaq məsələsində Britaniya tərəfinin fəal şəkildə rol oynamasını, istintaqın lazımi şəkildə aparılmasını istəyirik, bu, çox vacib məsələdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR