İnternetin qiyməti nəyə görə bahalaşdı? - Nazirlikdən RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, "Baktelecom" və "Aztelekom" istifadəçilərə GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib. Belə ki, 4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib. Qiymətlər də, təbii ki, artıb, 4 Mb/s üçün 10 manat ödəyənlər indi 15 Mb/s üçün 15 manat ödəyəcəklər. 10Mb/s üçün 12.5 manat ödəyənlər də indi 30 Mb/s üçün 18 manat ödəyəcəklər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik 2024-cü ilədək bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsi qurmağı hədəfləyir. “Baktelecom” və “Aztelekom”un son tarif dəyişikliyi də buna xidmət edir:

"Bu gün Azərbaycanda əhalinin, demək olar ki, 85 faizi internetdən istifadə edir. Ölkəmizdə sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i internet xidmətlərini ADSL üzərindən alır. Bu texnologiyanın saniyədə 10 Mb yuxarı həddi var.

Bu səbəbdən dövlət telekommunikasiya operatorları və özəl şirkətlər arasında dövlət-özəl tərəfdaşlıq modeli (PPP) ilə gücləndirilmiş birgə səylər nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə, bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsi qurmağı hədəfləyirik.

Eyni zamanda hazırda internetlə bağlı aparılan tarif siyasəti əhaliyə aşağı qiymətə daha yüksək sürətli internetdən istifadə imkanı verir. “Baktelecom” və “Aztelekom” şəbəkələri üzrə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərində edilmiş son tarif dəyişikliyi məhz buna xidmət edir. Bu dəyişiklik nəticəsində xidmət istifadəçilərinin internet sürəti 3-4 qat artırılır və onlar köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az ödəniş edirlər.

Qeyd etməliyik ki, əhalinin böyük bir hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq", - deyə məlumatda qeyd edilib.

Həmçinin oxuya bilərsiniz: "Aztelekom" və "Baktelecom"un yeni tarif paketi: Dəyişən sadəcə qiymətdir?

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR