Azərbaycan əsilli model Melisa Rauf İngiltərənin gözəllik müsabiqəsinin 94 illik tarixində müsabiqəyə makiyajsız daxil olan və finala yüksələn ilk namizəd oldu.

Metbuat.az "Hürriyet"ə istinadən xəbər verir ki, açıqlamasında 20 yaşlı qız daxili gözəlliyi ön plana çıxarmaq və sosial mediada yaradılan gözəllik qavrayışına meydan oxumaq istədiyini bildirib.

Avqustun 22-də keçirilən müsabiqənin yarımfinalında makiyajsız yarışan Rauf oktyabrda keçiriləcək "Miss England" finalında 40 digər namizədlə yarışacaq. Müsabiqənin təşkilatçıları əvvəllər makiyajsız seçmə mərhələyə keçdiklərini, lakin ilk dəfədir ki, namizəd tam makiyajsız yarışmağı seçdiyini deyib.

Melisa finala makiyajsız qatılmağı planladığını bildirərək, yarımfinalın "qorxulu, eyni zamanda möhtəşəm bir təcrübə" olduğunu bildirib: "Bu, mənim üçün çox böyük bir şeydir, çünki düşünürəm ki, müxtəlif yaşlarda olan bir çox qızlar təzyiq altında olduqları üçün makiyaj edirlər. Kimsə öz sifətindən razıdırsa, onun üzünü makiyajla örtməməliyik. Bizi biz edən və hər bir insanı unikal edən qüsurlarımızdır. Düşünürəm ki, insanlar öz qüsurlarını qəbul etməlidirlər, çünki bilirik ki, əsl gözəllik sadəlikdədir" - Melissa açıqlamasında deyib.

Politologiya fakültəsini oxuyan Rauf makiyaj etməyə çox gənc yaşlarından başladığını, lakin özünü heç vaxt gözəl hiss etmədiyini bildirib.

Qeyd edək ki, "Miss England" müsabiqəsinin təşkilatçısı Angie Besley, müsabiqə iştirakçılarının çox makiyaj və kosmetikadan istifadə etdiyini gördükdən sonra 2019-cu ildə müsabiqəyə makiyajsız seçmə mərhələ əlavə etdi. Besley bildirib ki, bu seçmə mərhələ iştirakçıları makiyaj və sosial media filtrlərinin arxasında gizlənməy" ehtiyac olmadan kim olduqlarını göstərməyə təşviq edir. Makiyajsız seçmə mərhələdən keçmək üçün isə iştirakçılar sosial şəbəkədə makiyajsız şəkil yerləşdirməlidirlər.

Qaynar xətt 0552252950