“Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik Ermənistanı ciddi narahat edir. ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri onu göstərdi ki, İrəvan çıxış yolunu Vaşinqtona əlini uzatmaqda görür”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Müsahibimiz deyir ki, Ermənistan ABŞ-la hərtərəfli dəstəyə ümid bağlayır.
İlyas Hüseynov
Eyni zamanda biz görürük ki, bu günə qədər Ermənistanın arxasında Rusiya dayanırdısa, Vətən müharibəsindən sonra Ermənistan artıq Fransa və Avropa İttifaqına ümid bağlamağa başladı. Amma bu institutlardan, geosiyasi mərkəzlərdən də bir nəticə hasil olmayınca Ermənistan kömək üçün ABŞ-a üz tutdu. Lakin mənə elə gəlir ki, Pelosinin səfəri hazırda demokratların hakimiyyətdə qalması və qarşıdan gələn aralıq seçkilərində qalib gəlməklə bağlı bir niyyəti ifadə edir. Bu səfər zamanı nümayəndə heyətinin tərkibinə nəzər yetirən zaman görür ki, burada ermənipərəst Frenk Pellone və bu düşüncədə olan digər konqresmenlər də var. Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və Dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırmışdı”.
Politoloq qeyd etdi ki, ABŞ İrana qarşı olan düşüncələrində Ermənistandan istifadə etsə də, Rəsmi Tehran bu yanaşmaya çox mülayim bəyanat verdi.

“Ümumiyyətlə, ABŞ Ermənistanı Rusiyanın geosiyası orbitindən qoparmaq niyyətindədir. Bütövlükdə, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri həm də regional siyasi düzənə qarşı həyata keçirilən planın bir hissəsidir”.
Siyasi şərhçi Kənan Novruz hesab edir ki, Pelosinin bəyanatını ciddi qəbul etmək lazım deyil. Ekspert vurğuladı ki, Vaşinqton çalışır ki, münasibətlər gərgin olaraq qalsın. Amma ABŞ rəsmilərinin belə məsələlərdə Azərbaycanı ittiham etmələrinə mənəvi haqqları yoxdur.
“Çünki kontur sual yaranır: Vaşinqtonun özgə torpağında - Suriyada, İraqda, Əfqanıstanda nə işi var? Biz Ermənistanla sərhəd qonşusuyuq, bəs ABŞ kilometrlərlə uzaqda nə axtarır?! Ağ ev bizi günahlandırmazdan əvvəl bu suallar barədə düşünməlidir.
İkinci bir tərəfdən, biz ötən otuz il müddətində ABŞ-ın qərəzliyi mövqeyini görmüşük. Ağ evin qeyri-səmimi olduğunu bu dövlətin Minsk Qrupunun həmsədri kimi səmərəsiz fəaliyyəti də, təsdiqləyir.
Azərbaycanla yanaşı, Türkiyə rəsmiləri də Pelosinin açıqlamasına münasibət bildiriblər. Dünən Türkiyənin vitse - prezidenti Fuat Oktay deyib ki, ABŞ Konqresinin nümayəndələr palatasının sədrinin səsləndirdiyi fikir tarix və hazırkı reallıqlara uyğun deyil:
"Onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil", - o bildirib. O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. Otuz ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.
Rəsmi Ankara dəfələrlə bildirib ki, Azərbaycan Türkiyənin "qırmızı xəttidir". Əlbəttə, bunu ABŞ -da da bilirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər deyiblər ki, İrəvan Ankara ilə diplomatik münasibətləri normallaşdırmaq istəyirsə, əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Vaşinqton isə, görünür, bu proseslərdə maraqlı deyil”.
ABŞ-Türkiyə münasibətlərinin son vaxtlar həssas mərhələyə qədəm qoyduğunu ifadə edən K. Novruzov düşünür ki, Ukraynadakı müharibə, F-16 təyyarələrinin tədarükü, Suriyadakı durum tərəflər arasında fikir ayrılığı yaradır. Pelosinin bəyanatı isə, şübhəsiz ki, münasibətləri daha da pisləşdirə bilər.
“Doğrudur, Pelosi ölkədə üçüncü şəxsdir. Hələ ki, nə Prezident Cozef Bayden, nə də vitse - prezident Kamala Harris son təxribatlarla bağlı Azərbaycanı ittiham edib. Əlbəttə, daha vacib olan onların fikirləridir. Buna baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı durumla bağlı qərəzli mövqeyinin davam etməsi Türkiyə - ABŞ əlaqələrinə təsir edə bilər. Fikrimcə, Ağ evdə bunu nəzərə almalıdırlar. ABŞ Türkiyə üçün nə qədər vacib tərəfdaşdırsa, Ankara da bir o qədər Vaşinqtona lazımdır. Xüsusilə Rusiya ilə münasibətlərin tənzimlənməsində Türkiyə ABŞ üçün çox vacibdir. Bu mənada Ağ ev regional siyasətində diqqətli olmalı, provokativ addımlardan çəkinməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az