Türkiyə-Yunanıstan gərginliyi:

May ayından etibarən Türkiyə və Yunanıstan arasında yüksələn gərginlik hazırda pik həddə çatıb. Avqustun sonlarında Yunanıstana məxsus S-300 havadan müdafiə sisteminin Krit adası yaxınlarında NATO missiyası çərçivəsində uçuş həyata keçirən Türkiyəyə məxsus F-16 qırıcılarını hədəf altına salmasına çox sərt reaksiya verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı “ani bir hücum edə bilərik” sözləri ilə hədələmişdi.

Yunanıstan beynəlxalq sazişləri pozaraq Türkiyə ilə sərhəddə adaların hərbləşdirilməsinə başlayıb. Bu, adaların silahsızlandırılmasına dair 1923-cü il Lozanna müqaviləsinə, 1947-ci il Paris sülh müqavilələri və digər razılaşmalara ziddir.

Mövzunu şərh edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bildirdi ki, Yunanıstan-Türkiyə arasında hərbi toqquşma qapıdadır.

Məhəmməd Əsədullazadə - Politoloq

“Yunanıstanın Türkiyə sahillərinə yaxın adalarını silahlandırması, Egey dənizində yeni hərbi toqquşmanı tətikləyir. Lozanna müqaviləsinə görə Egey dənizində adalar silahlsızlaşdırılmalı və hərbi məqsədlər üçün istifadə edilməməlidir. Amma, Afina ABŞ-ın verdiyi silahları Türkiyənin təhlükəsizliyini təhdid edəcək səviyyədə adalarda yerləşdirir. F-16 qırıcı təyyarələri, tank və artilleriya vasitələri, hərbiçiləri Türkiyəyə yönəlmiş vəziyyətdədirlər. Hesab edirəm ki, iki NATO ölkəsinin qarşı-qarşıya gəlməsi “Qərb bloku”nda parçalanmaya gətirə bilər. Görünür, Vaşinqton bu kimi vasitələrlə Türkiyəni NATO-dan uzaqlaşdırmağa çalışır. Artıq ABŞ-ın maraqlarını və NATO-nun cənub cinahının Türkiyə deyil, Yunanıstan olmasını istəyir.”

Politoloq hesab edir ki, Yunanıstanın bu dərəcədə silahlandırılması Aralıq dənizində qaz yataqları uğurunda savaşın tərkib hissəsidir:

“Qərb Türkiyənin Aralıq dənizinin karbohidrogen ehtiyatlarına sahib olmasını istəmir və maksimum təzyiq edərək, Ankaranı bu planından vaz keçirməyə çalışır. Beləliklə, yeni geosiyasi nizamda ABŞ-Türkiyə müttəfiqliyi mümkün görünmür. Amerikanın artan təzyiqləri həm də gələn il Türkiyədə keçiriləcək seçkilərlə bağlıdır. Amerikanın səylərinə baxmayaraq, indidən demək olar ki, seçkilərin qalibi indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olacaq. Məhz ABŞ-la yanaşı, Almaniya da Yunanıstanı Türkiyəyə qarşı qızışdırmaqla bunun qarşısını almağa çalışır. ABŞ odla oynayır, ən kiçik səhv bölgədə aranı qarışdıra bilər”.

Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyənin müstəqil xarici siyasəti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyi Vaşinqton tərəfindən qəbul edilmir:

“Türkiyənin hədəfdə olmasının əsas səbəblərindən biri də budur. Hesab edirəm ki, Rusiyanın Ukrayna müharibəsində məğlub olması ilə Egey dənizində sular isinəcək. Amma Yunanıstanın heç bir şansı yoxdur. Əgər Yunanıstan məntiqsiz hərəkət edərək Türkiyəyə hücum etsə, məğlub olacaq. Bu, Egeydəki adaların Türkiyənin nəzarətinə keçməsi ilə nəticələnəcək. Mümkün türk-yunan savaşı NATO-nu da parçalaya bilər. Alyansın parçalanması Avropa Birliyini öz vahid ordusunu yaratmağa sövq edə bilər. Onsuz da uzun müddətdir bu, birlik ölkələri arasında açıq-gizli müzakirə mövzusudur. Hesab edirəm ki, Vaşinqtonun Türkiyə ilə bağlı hədəfləri müsbət nəticə verməyəcək”.

Politoloq Samir Hümbətov məsələyə münasibət bildirən zaman 1995-ci ildə baş vermiş Kardak böhranından söz açdı. Onun sözlərinə görə, baş vermiş bu gərginlik Türkiyə üçün “qırmızı xətt” hesab edilirdi. Hazırki günümüzdə bu gərginlik yenidən artmaqdadır:

Samir Hümbətov - Politoloq

“Nəzərə almaq lazımdır ki, son zamanlar ABŞ Yunanıstana məxsus olan adalarda 9 hərbi baza formalaşdırıb. Bu bazaların xüsusən Türkiyə sərhədində yerləşdirilməsi də gərginliyin başlıca səbəblərindən biri kimi qiymətləndirilir. Türkiyə-Yunanıstan arasında sülh sazişinin asanlıqla imzalanacağını düşünmürəm.”

Samir Hümbətov onu da qeyd etdi ki, bir sıra Qərb ölkələri Afinanı, Ankaranın üzərinə salırlar. Ekspert hesab edir ki, Türkiyənin ordusu daima Yunanıstanı geri çəkmək qüvvəsinə malikdir.

“Mən bu zaman çərçivəsində gərginliyin səngiyəcəyin düşünmürəm. Aydındır ki, tərəflər arasında müharibə baş versə, qardaş ölkə qarşı tərəfi darmadağın edəcək gücə malikdir. Türkiyə baş verənləri yumşaq tərzdə həll etmək istəsə belə, Yunanıstan müharibə yolunu seçsə, lazımi cavab alacaq. Türkiyə daim güclü şəkildə geri dönüş edəcəkdir. Amma nəzərə almaq lazımdır ki, Yunanıstan adalarında ABŞ hərbi bazalarının yerləşdirilməsi, və ehtimal edilən toqquşma zamanı həmin hərbi bazaların vurulması Vaşinqtona da təsir edəcək”, – deyə S.Hümbətov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR