“Ermənistan getdikcə təkləndiyinin fərqində olduğu üçün müharibə və ondan sonrakı dövrdə qara təbliğatla, dezinformasiya ilə məşğuldur. Bunun iki əsas səbəbi var. Birincisi, bölgədə təhlükəsizlik probleminin olduğunu dünyaya göstərmək istəyir, ikincisi, beynəlxalq hüququ Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək məqsədi güdür”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib.

“Turana və “Qızıl Alma”ya doğru ağılla, səbirlə addımlayırıq” -

Yücel Karauz

“Apardıqları dezinformasiyasının bir çox örnəyinin artıq şahidi olmuşuq. Hətta öz atdıqları “İsgəndər” raketini Azərbaycanın atdığını iddia edəcək qədər irəliyə getdilər. Sözügedən videonun dəqiqləşdirilmədən beynəlxalq ictimaiyyətin rəyinə təsir göstərə biləcək informasiya agentliklərinə göndərilməsi isə özlərinin etdikləri cinayətləri, söylədikləri yalanları gizlətmək planının bir parçası və günahkarlıq psixologiyasının bir təzahürüdür”.

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını İsraillə Fələstin arasında gedən sülh danışıqlarına bənzətdiyini deyən siyasi şərhçi Azər Qasımov isə bildirdi ki, İsrail güclü tərəf kimi həmişə sülhdə maraqlı olsa da, Fələstin tərəfi kimlərinsə ağıl verməsi ilə danışıqları pozurdu. Ekspert deyir ki, bu "kimləri" hesab etmək olar ki, çox da axtarmaq lazım deyil. Bunun İran olduğu məlumdur.

Ermənistana İran qədər güvən hissi verən ikinci dövlət yoxdur -

Azər Qasımov

“Biz çox vaxt sülhə Rusiya, Qərb mane olur kimi fərziyyələr irəli sürsək də, İran həmişə kölgədə qalırdı. Əslində İranın Ermənistana təsir gücü digər ölkələrdən praktiki olaraq daha çoxdur. Ermənistanın vəziyyətinə baxsaq, İran qədər ona dəstək olan, maddi və mənəvi baxımdan Ermənistan üçün güvən verən, ən əsası isə ona etibar edilə biləcəyi qarantiyası verə bilən ikinci ölkə yoxdur. Belə olan halda Ermənistanın son anda danışıqlardan çəkiləcəyi böyük ehtimaldır. Rusiya üçün də, xüsusi ilə, Qərbin kuratorluğunda sülh bağlanması qeyri-mümkün olduğu üçün, hesab edirəm ki, Rusiya indiki zəif halında İran ordusunun qeyri-rəsmi də olsa, Zəngəzur dəhlizində yerləşməsinə mane olmayacaq. Rusiya ilə İran indi Suriyada da bu oyunu oynayırlar. Böyük ehtimalla, İsrail müdafiə nazirinin Azərbaycana gəlişi də bununla bağlıdır”.