​“Türkiyə hər zaman Azərbaycanın yanındadır” -

“Praqa müzakirələri Azərbaycan üçün olduqca önəmli bir sammit idi. Ali Baş Komandan İlham Əliyev Praqa səfərində məqsədinə bir qədər də yaxınlaşaraq əlidolu geri qayıtdı”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib.

Hulusi Kılıç

“Bu görüş əsnasında Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə bir erməni baş naziri ilə ikitərəfli görüş keçirdi. İki ölkə başçısı arasında olan müzakirələrdə Rəcəb Tayyib Ərdoğan bir daha Azərbaycanımızın haqq işi ilə bağlı fikirlərini qarşı tərəfə çatdırdı. Bu da mühüm fürsət idi. Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında dördtərəfli görüş də Ali Baş Komandan İlham Əliyevin diplomatik qələbəsi ilə başa çatdı. Praqada əldə olunan ən mühüm razılıqlardan biri də ondan ibarətdir ki, yaradılacaq sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan bu missiyadan öz maraqlarına uyğun şəkildə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb.”

Hulusi Kılıç bildirdi ki, Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Müsahibimiz onu da qeyd etdi ki, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər düzələrsə, Türkiyə ilə Ermənistan münasibətləri də normallaşa bilər.

“Cənab İlham Əliyev ölkəmizin maraqlarını qətiyyətlə qorumaqda davam edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək sülh müqaviləsinin imzalanması üçün keçirilən görüşlərin hər birində Azərbaycanın mövqeyini dəstəkləyən Bəyanat imzalanıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən 4 görüş bu baxımdan xüsusi diqqət çəkir. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyir. Keçirilən hər bir görüş Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirilir. Biz həm cəbhədə, həm də siyasi müzakirələrin aparıldığı masanın arxasında da güclü Azərbaycan görürük. Türkiyə Ermənistanla münasibətlərini sülh müqaviləsi imzalanandan sonra reallaşdıracaq. Biz hər zaman Azərbaycanımızın yanındayıq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR