“İlham Əliyevin nüfuzu Qərbdən Şərqə qədər böyük bir coğrafi arealda dərk edilir” -

“Azərbaycanın həm Türkdilli Dövlətlər Təşkilatı, həm də İslam Konfransı, EKO, ATƏT və bir sıra təşkilatlar nəzdində çox sayda ölkələrlə yaxşı münasibətləri var. Bunların içərisində Mərkəzi Asiya ölkələrinin xüsusi dəyəri və yeri mövcuddur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Prezident İlham Əliyevin Qırğızıstana səfərini türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından vacib hesab edən Tural İsmayılov vurğuladı ki, hazırda Azərbaycan Mərkəzi Asiyanın aparıcı dövlətləri ilə ən yaxşı münasibətlərə malikdir.

Tural İsmayılov

“Son bir il ərzində cənab Prezidentin türkdilli dövlətlərə səfəri tarixi ənənələrimiz, xalqlarımızın nadir mədəniyyəti nümunələrini qoruyub saxlanması, eyni zamanda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı baxımından vacibdir. İyunun 21-də İlham Əliyev Özbəkistana səfər etdi. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səslənən fikirlər və iki ölkə arasında imzalanan sənədlər dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi. Avqustun ikisində Daşkənddə Özbəkistan, Azərbaycan və Türkiyə nazirləri üçtərəfli görüş keçirərək yekunda Daşkənd Bəyannaməsini imzaladılar. Bu Bəyannamədə Azərbaycan, Türkiyə və Özbəkistan effektiv, fasiləsiz və maneəsiz yük daşımalarının zəruriliyini vurğuladılar. Bəyannamədə iqtisadiyyat, ticarət, investisiyalar və nəqliyyat sahəsində, o cümlədən bütün növ ticarət və tranzit əlaqələri üzrə əməkdaşlığın bütün potensiallığının həyata keçirilməsi üzrə birgə səylərin davam etdirilməsinə, həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə bundan sonra investisiyaların təşviqinə hazırlığa, işgüzar dairələr, sənaye-ticarət palataları və digər strukturlar vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin saxlanmasına qətiyyət ifadə olunub. Qazaxıstan rəhbəri Kasım Comart Tokayevin Bakıya səfəri, eyni zamanda Qırğızıstan rəhbərinin Azərbaycana səfəri və cənab Prezidentin sonuncu dəfə Qırğızıstana səfər etməsi, orada önəmli müqavilələrin imzalanması, ardınca Astanaya gedib Qazaxıstan rəhbəri ilə növbəti görüşləri həyata keçirməsi Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi, siyasi, humanitar, mədəni və bir çox sahələrdə əlaqələrinin dərinləşdiyini bir daha göstərir. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının ən aparıcı qüvvəsidir. Ölkəmizin məhz qazandığı qələbələr, həyata keçirdiyi uğurlu taktiki və strateji gedişlər nəticəsində Türk Dövlətləri Təşkilatına inteqrasiya kifayət qədər inkişaf edib”.

Prezident İlham Əliyev Qırğızıstan səfərini Praqa səfərindən dərhal sonra həyata keçirdi. Politoloq hesab edir ki, Bolqarıstan və Çexiya səfərlərində Avropa liderlərinin ölkə başçısına olan diqqəti həmin hörmətin ehtiramını Asiyada da davam etdirilməsi onu göstərir ki, bu gün ölkə Başçısının nüfuzu Qərbdən Şərqə qədər böyük bir coğrafi arealda dərk edilir. Oktyabrın 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası baş tutdu. Ekspertlər düşünürlər ki, Rusiyanın təkidi ilə baş tutan XİN başçılarının görüşündə Kreml liderinin Azərbaycan – Ermənistan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı başqa planı var.

Tural İsmayılov düşünür ki, XİN nazirlərinin görüşlərində Azərbaycanla Ermənistan arasında sülhün yaxınlaşması ilə bağlı müəyyən müzakirələr olacaq.

“Mən hesab etmirəm ki, bu müzakirələr nəticəsində sülhə gedən yolda hansı uğursuzluqlar olacaq. Daha əvvəl həm Praqada, həm də Avropa İttifaqının rəhbərliyi altında Brüsseldə keçirilən görüşlərdə iki ölkə arasındakı sülhün perspektivləri və potensialı müzakirə edilib. Cənab Prezident İlham Əliyev də ilin sonuna qədər iki ölkə arasında yekun sülh müqaviləsi imzalana biləcəyini söyləyir. Bu baxımdan hesab edirəm ki, sülhün olmağı, eyni zamanda regionun canlanmasına, yeni nəqliyyat, kommunikasiya və iqtisadi manevr imkanlarına səbəb olur ki, bu da hansısa bir formada indiki məqamda və Rusiya Ukrayna savaşından sonrakı dönəmdə Rusiyanın maraqlarına zidd deyil. Hesab edirəm ki, Rusiya da burada vasitəçiliyi ələ almaq istəyir. İki ölkə arasında sülhün əldə olunmasında Rusiya mərkəzi görüşlərin keçirməyində maraqlı olduğunu göstərəcək”.

Tural İsmayılov yaxın gələcəkdə Rusiya-Azərbaycan arasında hansısa problemin baş verəcəyini real hesab etmir.

“Bu gün Rusiya tərəfindən Ermənistanın birbaşa Fransa ilə əlaqələrinin daha da gücləndirilməsi, birmənalı Qərbə meyl etməsi diqqətlə izlənilir. Regionda Rusiya ilə Ermənistan arasında hansısa diplomatik gərginlik baş vermə ehtimalı mümkündür. Amma Azərbaycanla Rusiya arasında hansısa bir problemin yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Eyni zamanda Rusiyanın Azərbaycanla Ermənistan arasındakı yekun sülh prosesini sabotaj edəcəyi də istisna sayılır. Rusiya vasitəçiliyi ələ almağa çalışacaq və eyni zamanda Rusiyanın bu istiqamətdə mərkəzi görüşlərinin sayı daha da çox ola bilər”, - deyə T. İsmayılov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR