Paytaxt məktəbinin müəllimi "Təhsil vloqeri" müsabiqəsində qalib gəlib -

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Təhsil vloqeri” müsabiqəsinin qalibi olan paytaxt məktəbinin müəllimi təltif olunub.

Metbuat.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 136 nömrəli tam orta məktəbin STEAM və biologiya müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Sürət Mehdiyevi müsabiqədəki qalibiyyətinə görə Təşəkkürnamə ilə təltif edib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təşəkkürnamə və hədiyyəni təqdim edib və təbriklərini çatdırıb. “Təhsil vloqeri” müsabiqəsinin əhəmiyyəti barədə danışan M.Vəliyeva bildirib ki, bu müsabiqə sayəsində fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlər ictimaiyyətə tanıdılır.

STEAM müəllimi S.Mehdiyev çıxışı zamanı BŞTİ tərəfindən göstərilən diqqətə görə təşəkkürünü bildirib, bundan sonrakı müəllimlik fəaliyyətində yeni layihələrin üzərində daha da çox çalışacağını söyləyib.

Qeyd edək ki, S.Mehdiyev 2022-ci ildə direktor müavinlərinin işə qəbulu imtahanında uğur qazanaraq paytaxtdakı 136 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin olunub. O, “Dron pilotları” layihəsi ilə təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi (fərdi kateqoriya üzrə) adına və SAF-2021 müsabiqəsində dron kateqoriyası üzrə II yerə layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR