Kürdə kiçik gəmilərin qəzalarının qarşısının alınmasına dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda müşavirə keçirilib.

Metbuat.az Nazirliyə istinadən xəbər verir ki, tədbir Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində və Mingəçevir Su Anbarında kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.

Müşavirədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Aran Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısının alınması, insanların su obyektlərində təhlükəsizliyinin təşkili ilə bağlı Xidmətin fəaliyyətinin əhəmiyyətindən danışıb, Kür çayı sahilində kiçikhəcmli gəmilərin təhlükəsiz yan alması, habelə sakinlərin su obyektlərində təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlərdən bəhs edib.

Sonra Xidmətin əməkdaşları tərəfindən kiçikhəcmli gəmilərin təhlükəsizliyinin təmin olunmasında əsas istiqamətlərdən bəhs olunub, bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi qeyd edilib, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR