"Azərbaycan milli komandası futbol üzrə dünya çempionu olanda Azərbaycan ədəbiyyatı da Nobel alacaq".
Metbuat.az xəbər verir ki, bu sözləri AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev APA-ya müsahibəsində deyib.
O, jurnalistin "Azərbaycanda da Nobel mükafatı alan olacaq fikri nə dərəcədə realdır?" sualına cavab olaraq bildirib ki, bu mükafatı almaq o qədər də asan deyil:
"Bilirsiniz, bütün bunlar xam xəyaldır. O mükafatı almaq o qədər də asan məsələ deyil. Bir dəfə mən demişdim ki, Azərbaycan milli komandası futbol üzrə dünya çempionu olanda Azərbaycan ədəbiyyatı da Nobel alacaq"
"Azərbaycan futbolu kifayət qədər inkişaf edib axı. “Qarabağ” futbol klubu artıq Avropaya çıxır" sözlərinə isə yazıçı belə cavab verib:
"Bilirəm e, amma yəni hələ dünya səviyyəli futbolumuz yoxdur. “Qarabağ” bizi sevindirir, sağ olsun. Nobel mükafatını almaq üçün, əvvəlcə, dünyada əsərlərin çap olunmalısan, çox çap olunmalısan. Üstəlik, həmin əsərlər haqda rəylər formalaşmalıdır, ədəbi ictimaiyyəti tərpətməlidir. İkincisi, son illərdə bu mükafatın verilməsi məsələsi siyasiləşib, daha çox siyasi motivlərə görə əsər mükafat alır, bədii motivinə görə yox. Buna görə də, yaxın 10-20 il ərzində bizə belə bir mükafatın gəlməsinə inanmıram".