Azərbaycanın “meqaladon”u Emili Rzayeva:

Onunla tanışlığımız təsadüfən olsa da, belə istedadlı gənc qızı tanımaq olduqca xoş idi. Yaşı az olsa da qazandığı uğurlar təvazökarlığından bir damcı da azaltmamışdı. Haqqında söhbət açacağım müsahibim ölkəmizin idman aləmində son günlər ən çox adı hallanan yeniyetmə boksçu qızımız Emili Rzayevadır. İtaliyanın Montesilvano şəhərində keçirilən yeniyetmə boksçuların Avropa çempionatında qızlar arasında 70 kiloqram çəki dərəcəsində qızıl medal qazanan "Megalodon" ləqəbli Emili ilə müsahibəni təqdim edirik:


- Emili, dörd idman növü ilə peşəkar məşğul olursunuz. İdmana marağı atanız yaradıb, yoxsa hər zaman idmançı psixologiyasına sahib idiniz?

“Mən atamın sayəsində 11 yaşında idmana başlamışam. Uşaqlıqda çoxlu hobbim var idi. Mən həm gimnastika ilə məşqul olur, həm rəqs edir, həm də rəsm çəkirdim. Amma bütün bunlarla məşğul olduğum halda heç kim məni gözləmirdi ki, bir gün mən hansısa döyüş növü ilə maraqlanıb peşəkar formada bu işi görəcəyəm. Bir gün atam məni idman zalına apardı. Mən oradakı atmosferi gördüyüm zaman özümü fərqli hiss etdim. Bu, mənə daha da inkişaf etmək üçün motivasiya verirdi. Bütün bu uğura gedən yolda atam hər zaman yanımda idi. Onun sayəsində mən peşəkar idmançı oldum”.

- Hər bir peşənin bir kamil öyrədəni, bilicisi olur. Emili məşqçisinin ona olan inamını doğrultduğuna inanırmı?

“Mənim şəxsi məşqçim atam Emil Rzayevdir. O keçmişdə güləşlə məşğul olub. Atam zamanında Azərbaycanda sayılıb-seçilən idmançılardan biri olub. Digər idman növləri üzrə mənim məşqçim atamdır. Biz məşqlərə də bir yerdə gedirik. Atam həmişə mənə hamıdan çox inanıb, dəstək olurdu. Bu, indi də belədir. Mən hətta düşünürəm ki, qazandığlarıma görə atam məndən daha çox sevinib”.

Emili Rzayeva Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPXA-nın Fiziki Hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.

- Yaşıdlarınızdan fərqli, nisbətən gərgin bir həftəlik qrafikiniz var. Bu sizi yorurmu?

“Bəli, mənim həyatım bütün dostlarımın, tanışlarımın həyatından fərqlidir. Xüsusən də yarışlardan əvvəl çox çətin olur. Çünki belə olan zaman mən daha çox hazırlaşıram və hər gün gündə iki dəfə idmanla məşğul oluram. Belə olanda da çox sıxılıram. Amma atam fasilə verib dincəlmək üçün hər zaman mənə vaxt verir. Ümumiyyətlə düşünürəm ki, hər iki sahədə - həm idman, həm də təhsil sahəsində uğur qazanmaq çox çətindir. Amma çalışıram ki, dərslərimdən axsamayım. Mən hazırda Yasamal rayonu 158 saylı tam orta məktəbdə təhsil alıram. Bütün şagirdlər kimi mənim də ali təhsil almaq arzularıma daxildir”.

- Yeri gəlmişkən Emili siz boksa bir hobbi kimi baxırsınız, yoxsa özünüzü görmək istədiyiniz başqa bir sahədə də var?

“Mən idmana bir peşə kimi baxıram, həyatımı buna həsr etmək istəyirəm. Bu mənim üçün hobbidən artıqdır. Amma gələcəkdə planlarım sırasında ingilis dili üzrə peşəkar təhsil almaq da var. Düşünürəm ki, insanlara faydalı olacağım sahədə özümə bir iş tapsam bu məni daha çox xoşbəxt edər”.


- Deyilir ki, insanın mübarizliyi ruhunun qüvvəsindən asılıdı. Emili özünü mübariz hesab edirmi?

“Əlbəttə mən özümü mübariz hesab edirəm. Güclü bir idmançıyam. Mən 2021-ci ildə Belarusda beynəlxalq turnirin qalibi olmuşam. Həmin il Kazanda keçirilən MDB Oyunlarının bürünc medalını qazanmışam. Daha əvvəl Rumıniyada birinci olmuşdum. Və nəhayət İtaliyanın Montesilvano şəhərində keçirilən yeniyetmə boksçuların Avropa çempionatında qızlar arasında 70 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışam. Bütün bu sadaladıqlarım mənim özümə inam hissimdən irəli gələn nəticədir”.

- Məğlubiyyət acısını hamıdan çox idmançının özü yaşayır. Bildiyim qədər bir dəfə Avropa Çempionatının birində uğursuzluq yaşansa da sonuncu dəfə qalibiyyət sevincini daddınız. Bizə o barədə bir qədər danışardınız...

“Bəli, keçmişdə bəzi uğursuzluqlar yaşamışam, amma onlar məni daha da gücləndirdi. İlk boks yarışım 2019-cu ildə Gürcüstanda olub. Mən çox təcrübəsiz idim və o zaman boksla məşğul olmurdum. Yarışa 23 gün qalmış atam mənə dedi ki, bu yarışda iştirak edəcəm. Biz vaxt itirmədən hazırlıqlara başladıq. Bu çempionatda ilk döyüşüm İtaliya idmançısı ilə oldu. O da axırda bu Avropa çempionatında çempion olub, qızıl medal qazanıb. Düşünürəm ki, o vaxt başqası ilə rinqə çıxsaydım mən bəlkə də qalib gələrdim və İtaliya ilə finalda qarşılaşardım. Buna baxmayaraq bir qədər əziyyətdən sonra məqsədimə çata bildim və yeniyetmələrin arasında Avropa çempionu adını qazandım”.

- Emili rinqdə rəqibi ilə üz-üzə qaldığı zaman özünü necə hiss edir?

“Döyüşdən əvvəl hər bir insanda həyəcan olur. Doğrudur, həmişə o qədər də həyəcan hissi yaşamasam da, son yarışımda bunu çox hiss etdim. Mən qorxurdum ki, qızı medalı evə gətirə bilməyəcəyəm. Amma elə ki, ringə daxil oldum bütün narahatlığım uçub getdi. O anda özümdən çox əmin idim”.

- Bildiyim qədər 2024-cü il Olimpiya Oyunlarına hazırlaşırsınız. Bu barədə hazırlıqlar necə davam edir?

“Mənim hədəfim 2024-cü ildə Fransada boks üzrə keçiriləcək Paris-2024 Olimpiadasında iştirak etməkdir. Onda mənim təxminən 18 yaşım olacaq. Bu olimpiadada yer qazanmaq mənim arzumdur. Amma başlamazdan, yəni hər şeydən əvvəl lisenziyanı qazanmalıyam. Orada tək iştiraka yox, həm də medal qazanacağıma ümid edirəm. Boks olimpiya idman növü olduğundan orada rəqabət böyükdür. Gələcəyi yalnız Allah bilir. Amma əlimdən gələni edəcəyəm ki, Parisə yollananlar arasında olum. Atam da məşqlərimə nəzarət edir. Məncə, hər şey yaxşı olacaq”.

- Müsahibələrinizin birində MMY-a keçmək barədə düşündüyünüzü demişdiniz. Bu döyüş növü üzrə keçirilən beynəlxalq yarışlarda favori iştirakçılarınız kimlərdir? Hansı peşəkar boksçular Emili üçün örnək sayılır?

“Əvvəlcə onu deyim ki, mən MMY-a getməyi deyil, peşəkar boksa keçməyi düşünürəm. Bokstanda mənim favoritimdə olan idmançılar isə Mayk Tayson, Roy Consu Manny Pacquiao-dur. Boksun əfsanəsi Muhəmməd Əli isə mənim ən favorit idmançımdır. Mən həmişə Muhəmməd Əlidən örnək sayıram, çünki onun boks tərzi çox xoşuma gəlir. O rinqdə çox açıq işləyir, sanki uçurmuş kimi hərəkət edir. Mən də həmişə onun kimi ayaq hərəkətləri ilə işləməyə çalışıram”.


- Boksa maraq göstərən gənc qızlarımıza Emilinin hansı tövsiyəsi var?

“Mənim tövsiyəm odur ki, hansı yolu seçməyinizdən asılı olmayaraq axıra qədər getməyi bacarmaq lazımdır. Başlanğıcda uğursuzluqlar ola bilər amma sonda qalib gələcəyinizə əmin olmalısınız. Bu dediklərim təkcə boks üçün deyil, insanın seçdiyi hər bir yol üçün həyatın qaydası sayılır”.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR