“İlham Əliyev TDT zirvəsindəki çıxışı ilə tarix yaratdı” -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib. Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü baş tutdu. Toplantıda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.


Zirvə görüşündə Prezident İlham Əliyev olduqca mühüm mesajlar da verdi. Zirvə görüşü barədə Metbuat.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirdi ki, Türkiyənin uğurlu sədrliyindən sonra təşkilata rəhbərliyin Özbəkistana keçməsi Türk dünyası arasında inteqrasiyanı daha da genişləndirərək qarşıya qoyulan hədəflərə nail olmaqda mühüm addım olacaqdır.

Politoloq Prezident İlham Əliyevin TDT kürsüsündən “Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır” dediyi fikirlərə münasibət bildirərək vurğuladı ki, təəssüflər olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda bizim 40 milyon soydaşımız yaşasa da, onlar ana dilində təhsil almaq imkanından məhrumdurlar.

İlyas Hüseynov - politoloq

“Cənab Prezident öz çıxışında türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığı və onun coğrafi sərhədlərinin daha geniş olduğu fikirlərini söyləyib. Bu gün İranda açıq şəkildə azərbaycanlıların hüquqları tapdalanır, öz dilində yazmaq, oxumaq, kütləvi informasiya vasitələrinə sahib olmaq hüquqları məhdudlaşdırılır. Düşünürəm ki, bütün türk dünyası arasında sosial, iqtisadi, humanitar inteqrasiya genişlənməlidir. Digər tərəfdən, cənab Prezident həm də tarixi müstəviyə diqqət ayırmışdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirib:

“Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Ümumiyyətlə, son dövrlər İranın Azərbaycana qarşı aqressiv davranışları, Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi, hətta ötən gün Xarici İşlər Nazirliyinə Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin dəvət olunması tamamilə yolverilməzdir”.

İ.Hüseynov düşünür ki, İran mehriban qonşuluq siyasətinə kölgə salır və pozuculuq niyyətini özündə büruzə verir. Buna görə Azərbaycan da haqlı olaraq İrandakı soydaşlarımızın hüquqları məsələsini diqqətə çəkir.


“İranda bu gün ictimai, siyasi vəziyyət çox gərgindir. Hakimiyyətə qarşı etirazlar geniş vüsət alıb. Yaxşı olardı ki, İran daxildəki problemləri ilə məşğul olsun. Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər ifadə etməsin. Elə bil təsəvvür yaradıblar ki, sanki Azərbaycan mediasında İrana qarşı təbliğat aparılır. Bu, tamamilə yanlışdır, həqiqətə uyğun deyil. Biz yalnız İrandakı soydaşlarımızın hüquqları ilə bağlı fikirlər ifadə edirik. Bu da bizim təbii haqqımızdır və düşünürəm ki, İranda baş verən prosesləri tamamilə yanlış təhlil edirlər. Hətta Azərbaycanın mövcudluğu, müstəqil dövlət kimi dünyanın siyasi xəritəsində var olması da İranı narahat edir. İran siyasətçiləri, din xadimləri Azərbaycanı müstəqil dövlət kimi qəbul etmək istəmirlər və ölkəmizə qarşı fəaliyyəti həyata keçirirlər. İranın “Səhər” televiziyası Azərbaycan dilində yayımlansa da, bu yalnız kanalın məcrada yönəldiyini göstərir və orada ölkəmizə qarşı daima fikirlər səslənir. “Səhər” kanalınının sosial hesablarında axtarış aparsaq, Azərbaycanın qalibiyyəti Vətən müharibəsində qazandığımız uğur, tarixi nailiyyətimiz haqqında heç bir xəbərə rast gəlmirik. Bunun özü tutarlı faktdır ki, səhər televiziyası ölkəmizə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirsin”.

İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Hətta Azərbaycan buna görə ölkəmizdə olan İranın səfirini Xarici İşlər Nazirliyinə dəvət etmir. İ.Hüseynov fikirlərinə əlavə etdi ki, İran öz aqressiv hərəkətləri ilə İran Azərbaycan münasibətlərinin pozulmasında və eyni zamanda Ermənistan İran münasibətlərinin yaxınlaşmasında maraqlıdır və bu da regional sabitliyi pozur, regional sülhə təhdid törədir.

“Biz həm də İran və Ermənistan arasında olan sıx münasibətlərin qurulduğunu görürük. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətində yer alan Xocalı soyqırımının birbaşa iştirakçıları və icraçıları İran dövləti ilə çox yaxın münasibətlər qurublar. Onlara İran rəsmiləri qucaq açıb, əl sıxıb, siyasi, iqtisadi münasibətlər qurub. Bu tarixin keçmişində qalsa da, Azərbaycan bütün bu proseslərə şahidlik edib və yenə də regional sülhün gücləndirilməsi mövqeyindən çıxış edib. Ona görə də İran tərəfi Azərbaycanı ittiham edəndə, suçlayanda yaxşı olardı ki, güzgüyə baxsın və keçmişdən dərs çıxarsın”,- deyə İlyas Hüseynov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR