Almaniyada yaşayan peşəkar stomatoloq Dr. Farah Aziz 1990-cı ildə Əfqanıstanın Kabil şəhərində anadan olub. Əfqanıstanda Vətəndaş müharibəsinin başlaması səbəbi ilə bir yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya köçən Farahın atası Baş Qərargah rəisinin köməkçisi idi. Atasının diplomatik statusuna görə sığınacaq almaq məsələsi sürətlə həll olunur və onlar Almaniyada məskunlaşırlar.
Orta təhsilini Steinbart Gymnasium-da alan Dr. Farah Aziz, buranı əla qiymətlərlə bitirib, Almaniyanın ən yaxşı iki Universiteti olan RWTH Aachen və Düsseldorf Heinrich-Heine-də stomatologiya üzrə ali təhsil alır.
Dr. Farah Aziz peşəsi haqda danışarkən bildirir ki: “Ekstremal çətinlikləri sevirəm. Almaniya universitetlərində stomatologiyaya qəbul olunmaqçətin idi və mən bunu bacaracağımı özümə sübut etmək istəyirdim”.
Ali təhsilini başa vurduqdan sonra o, Almaniyanın öndə gələn stomatoloji klinikalarından birində 4 il fəaliyyət göstərir, eyni zamanda Alman Estetik Stomatologiya Assosiasiyasında estetik stomatologiya üzrə ixtisaslaşır. Estetik stomatologiyanı öyrəndikcə öz peşəsinə vurulan dr. Farah Aziz hesab edir ki: “Özgüvənli bir təbəssüm supergücdür. Kiçik toxunuşlarla xəstələrimə bu gücü verdiyim üçün xoşbəxtəm. Ən böyük qazancım pasientlərimin sevinc göz yaşları ilə məni qucaqlamasıdır”.
Tibb təhsilini inkişaf etdirən stomatoloqWitten Herdecke Universitetinin “Ürək və döş qəfəsi cərrahiyyəsi” kafedrasında doktorluq dissertasiyasını müdafiə edib.
2019-cu ildən Bavariyaya məskunlaşan gənc həkim Würzburqda yerləşən stomatoloji klinikada baş həkim olaraq çalışsa da, hazırda fəaliyyətini Düsseldorfda davam etdirir.
Farah Aziz 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Dentist” nominasiyasına layiq görülüb.