Ərdoğan dediyi kimi etdi, bir gecə anidən "gəldi" -

Xəbər verdiyimiz kimi, Türkiyə Suriyanın Tel Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK,PYD, YPG terrorçularına qarşı “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə silahlı və silahsız PUA-lar, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilir. Hərəkatda 50-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyi deyilir.

Bu barədə Metbuat.az-a açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz bildirdi ki, ilk dəfədir ki, gecə vaxtı belə geniş məsafədə və dərinlikdə mülki insanların yaşadığı bölgələrdə onlar zərər görmədən terror hədəfləri dəqiq vuruldu.

Yücel Karauz

“Bildirim ki, Türk Silahlı Qüvvələri daha öncə Suriya və İraqda keçirilən əməliyyatlarda olduğu kimi, bu hərəkatda da BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb. Hərəkat üç əsas məqsədə xidmət edir. Birincisi, terror ünsürlərini yerindəcə məhv etmək, ikincisi sərhədlərin təhlükəsizliyinin təmini, sonuncusu isə sərhəddən həyata keçirilən terror fəaliyyətlərinin qarşısını almaqdır. Əməliyyatın gerçəkləşdirilməsinə səbəb ABŞ və Rusiyanın 17 oktyabr 2019-cu ildə Ankarada və beş gün sonra, 22 oktyabr tarixində Soçidə imzalanan bəyannamələrdəki öhdəliklərini yerinə yetirməməsi və terrorçuların M-4 magistralının cənubuna çəkilməməsidir”.

Hazırda keçirilən antiterror əməliyyatlarının bir həftə öncə İstanbulda İstiqlal prospektində baş verən terror aktı nəticəsində Türkiyənin səbir kasasını doldurduğunu qeyd edən Yücel Karauz fikirlərinə əlavə olaraq bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın dəfələrlə “Bir gecə anidən gələ bilərik” ifadəsin artıq reallaşdırıldı.

“Üç saat davam edən hava hərəkatında yalnız terror yuvaları vuruldu. Ölkə daxilində beli qırılan terrorçular İraq və Suriyada da məhv edildi. Türkiyənin EOKA (Kipr Mübarizəsi Milli Təşkilatı – Yunan Kipri), ASALA, PKK, PYD, KCK, YPG kimi terror təşkilatlarına qarşı mübarizədə qazandığı zəngin bir təcrübə var. Əgər ABŞ və Rusiya sərhədlərimizdən terrorçuları uzaqlaşdırmasaTürkiyə “Pəncə-Qılınc” hərəkatını tamamlamaq üçün Suriyanın Ayn əl-Ərəb, Tel-Rıfat və Menbiç şəhərlərini əhatə edəcək böyük bir hərəkata başlayacaq”-deyə Karauz fikrini yekunlaşdırıb.

Hazırda baş verən əməliyyatla bağlı dəyərləndirmələ edən politoloq Turan Rzayev isə hesab edir ki, Taksimdə baş verən terakt Türkiyəyə şərtləri öz xeyrinə dəyişə bilmə imkanını yaratdı.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

“Ankara başlatdığı “Pəncə-Qılınc” hava hərəkatı və sonrasında başladacağı quru hərəkətı ilə buna nail ola bilər. Birincisi, Türkiyə 30 ildən artıqdır ki, ölkədə daxilində və xaricində PKK, YPG, YPD terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizə nəticəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir. Ankara keçirəcəyi bu əməliyyat ilə PKK, YPG, YPD-nin Şimali İraq və Şimali Suriya qanadlarını strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər. İkincisi, rəsmi Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgəni yarada bilər”.

Türkiyənin keçirdiyi “Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara ABŞ və Rusiyanın səs çıxarmaması diqqət çəkən politoloq düşünür ki, hətta Rusiyanın nəzarətində olan hava limanlarından biri Türkiyənin hərbi təyyarələri üçün açılıb.

“Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var: Rusiya hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın əli olduqca güclüdür. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Buna görə də Ankaranın Suriya və Ankarada keçirdiyi əməliyyatlara səssiz qalmaqla kifayətlənir. ABŞ-a gəldikdə isə Vaşinqton yaxşı başa düşür ki, indiki məqamda Türkiyəyə etiraz etmək Ankaranın əlini daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə tərəfi haqlı olaraq Vaşinqtonu Taksim teraktında günahkar görür. Yəni ABŞ bu teraktı birbaşa törətməsə belə açıqca dəstəklədiyi PKK, YPD törədib.

Vaşinqton Rusiya ilə gərginlik fonunda Ankaranı küsdürmək istəmir. Digər bir vacib məqam isə NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılı olmasıdır.Əgər Türkiyə buna nail olsa 30 illik terrola mübarizə çərçivəsində tarixi irəliləyiş əldə edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR