“İranın Ermənistana PUA satmasında başqa məqsəd var” -

“Hazırda 30-dan çox ölkə PUA-ların istehsalı ilə məşğuldur. Proseslərə nəzər yetirdikdə İranın Ermənistana PUA satması təəccüb doğurmamalıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirəri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Yeniazərbaycan qəzetinə müsahibəsində bildirib.

“Bilirik ki, son zamanlar Ermənistanı silahlandırmaq istəyən qüvvələr var. Bunlardan ən yaxını və real olanı məhz İrandır. İranın Türk dünyasına olan münasibətini nəzərə aldıqda onların Ermənistana hansısa silahlarını satması təəccüblü görünmür”.

O, İran istehsalı olan PUA-ların bir o qədər də keyfiyyətli olmadığını diqqətə çatdırıb: “Bu gün birinci yerdə ABŞ gəlir. Sonra İsrail, Çin, Türkiyə və digər ölkələr siyahıda yer alır. Hazırda ən çox havada qala bilmək xüsusiyyətinə malik olan PUA təxminən 36 saat avtonom şəkildə fəaliyyət göstərə bilir. Əlbəttə, biz Ukraynada İran PUA-larının tətbiqini gördük. Bu aparatlar bir o qədər də effektiv sayılmır. Çünki hava hücumundan müdafiə sistemləri tez bir şəkildə onları aşkar edərək məhv edir. Digər tərəfdən, radioelektron mübarizə cihazları ilə həmin uçan aparatların sisteminə müdaxilə etmək mümkündür. Ancaq bütün bunlara baxmayaraq, İran bu istiqamətdə işləyir və mən deyərdim ki, onların istehsal etdiyi uçuş aparatlarına orta qiymət vermək olar. 30 ölkə arasında 20-22-ci yerdə qərarlaşıb”.

Ş.Ramaldanov hesab edir ki, İran istehsalı olan PUA-ların Ermənistana satılmasında başqa məqsədlər də var: “Düşünürəm ki, İran PUA-larının Ermənistana satışı digər məqsəd??? də daşıya bilər. Hesab edirəm ki, KTMT-nin üzvü olan Ermənistan ola bilsin ki, İrandan uçuş aparatlarını alaraq Rusiyaya ötürür. Ermənistanın hərbi büdcəsi kütləvi şəkildə PUA-lar almağa imkan vermir. Ermənistan İrandan alsa da, bu, çox sayda olmayacaq”.

Ölkəmizdə PUA istehsalından söz açan ekspert Azərbaycanda 23 növdən çox PUA istehsal edildiyini qeyd edib: “Azərbaycanın hava hücumundan müdafiə sistemi bunun qarşısını almağa qadirdir. Digər bir tərəfdən, istər yüngül, istər orta, istərsə də ağır uçuş aparatlarının radio idarəetməsini itirmək, onlara təsir edərək ələ keçirmək üçün cihazlarımız var. Azərbaycan hazırkı vəziyyəti nəzərdən keçirir, İran və Rusiyanın uçuş aparatları ilə bağlı tədbirlər görülür. Azərbaycan müdafiə sənayesində də PUA-lara böyük yer ayrılır. Bizim həm İsrail, həm Türkiyə, həm də Pakistanla bu istiqamətdə birgə layihələrimiz var. Hər bir halda Azərbaycanın bütün istiqamətlərdə potensialı Ermənistanınkından qat-qat yüksəkdir. Əgər Ermənistan PUA-lar alırsa, Azərbaycan onları istehsal edir. İstehsal edən tərəf həmişə üstün sayılır. Bu gün ölkəmizdə bütün təyinatlı PUA-lar istehsal olunur. Bu mövzuda Azərbaycanla Ermənistanı müqayisə etmək düzgün olmazdı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR