Azərbaycanda dərman bazarında bahalaşma ilə bağlı şikayətlər getdikcə artır. Vətəndaşlar digər ölkələrlə müqayisədə Azərbaycanda dərmanların baha olmasından narazıdırlar.
Elə ötən gün Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan "Qalvus Met" adlı dərmanın Türkiyədə qat-qat ucuz olduğu ilə məlumat paylaşılmışdı. Belə ki, diabet xəstələrinin müalicəsində istifadə olunan dərmanın bir qutusu Türkiyədə 153,51 TL-yə ( 13 manat 99 qəpik) satılır. Yəni Bakıda bir qutuya verəcəyimiz pulla Türkiyədə təxminən 5 qutu dərman ala bilərik.
Bundan əvvəl də 40 qəpiyə satılan yodun qiyməti artaraq 1.20 manata çatmışdı.
Dərman bazarında qiymət artımı ilə bağlı məsələ Milli Məclisdə də müzakirə edilib. Deputatlar dərmanların bahalığından narazı olduqlarını qeyd ediblər.
Deputat Razi Nurullayev vətəndaşın xaricdən alıb gətirdiyi dərmanın bizim apteklərdə bəzən 5-7 dəfə baha olduğunu qeyd edib. O vurğulayıb ki, insanlar qiymətin bahalığına görə o dərmanları ala bilmir, bir neçə il ömrü qısalır.
Deputat Əli Məsimli dərman sahəsindən danışarkən qeyd edib ki, bir qrup adam daha çox qazanmaq üçün bütün oyunlardan çıxır və ən böyük zərbə vətəndaşlarımıza dəyir.
Noyabrda baş tutan iclaslarda da deputat Fəzail Ağamalı “Azərbaycanda ərzaq mallarının və dərman vasitələrinin qiymətləri durmadan artdığını qeyd edərək təkliflər irəli sürüb: "Təklif edirəm ki, bu məhsulların idxalı üçün əlavə dəyər vergisi və gömrük rüsumu müvəqqəti dondurulsun. Ümidvaram ki, Azərbaycan və ümumilikdə dünya qısa müddətdə bu vəziyyətdən çıxacaq".
Bəs Azərbaycanda dərman bazarında yaşanan bahalaşma prosesinin səbəbi nədir?
Metbuat.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd etdi ki, Azərbaycanda müxtəlif məhsulların qiymətinin artmasında olan səbəblərdən birincisi rəqabət mühitinin olmamasıdır:
"İstər bu istehsal sahəsində olsun, istər tədarük sahəsində olsun, istərsə də müxtəlif məhsulları ölkəyə idxal edən təsərrüfat subyektləri baxımından olsun. Yəni təsərrüfat subyektlərinin məhdudluğu onların istədiyi qiyməti diktə etməsinə imkan yaradır. Əgər bir məhsulu ölkədə istehsal edə bilmiriksə, ən azından onun gətirilməsi üçün geniş imkanlar yaradılmalıdır. Lazım gələrsə, müəyyən güzəştlər tətbiq olunmalıdır. Bunların olmaması da ciddi şəkildə qiymət artımlarını ortaya qoyur və dəfələrlə də bahalı qiymətləri biz müşahidə edirik. Məsələn, Türkiyədə olan dərman məhsullarının burada dörd dəfə, bəzən beş dəfə baha satıldığını müşahidə edirik. Yəni bu, sözün həqiqi mənasında acınacaqlı haldır. Əgər biz sosial cəhətdən həssas insanlara belə lazımi dərmanların alınması üçün hansısa bir dəstəyi göstərə bilmiriksə, heç olmasa, o dərmanların burada müəyyən, yəni ədalətsiz şəkildə qiymətin qalxmasının qarşısını almalıyıq".
Eldəniz Əmirov
Ekspert çıxış yolları da təklif edir. Onun sözlərinə görə, öncəliklə Azərbaycanda dərman istehsalına başlanılmalıdır:
"Dərman idxalı zamanı ciddi güzəşt mexanizmləri hazırlanmalı, müəyyən ödənişlərdən azad olunmalıdır. ƏDV-nin də həcmi azaldılmalıdır. İkincisi, imkan yaradılmalıdır ki, dərman gətirmək istəyən digər şirkətlər yaransın. İlk növbədə ölkədə dərman istehsalına başlanılmalıdır, mütləq şəkildə vaxtaşırı bununla bağlı məlumatlar eşidirik. Amma sonradan proses dayanır. Bu və ya digər səbəblərdən mütləq şəkildə ölkədə dərman istehsalına nail olunmalıdır. Əgər proses uzanırsa, problem yaranırsa, o zaman dərman idxal edən şirkətlər arasında rəqabət mühiti formalaşdırmaq lazımdır. Dərmanı respublikamıza gətirən şirkətlər arasında rəqabət olsa, bu problem daha tez həllini tapır. Amma təbii ki, ən yaxşı yol ölkəmizdə istehsala nail olmaqdır".
Uzun zamandır ki, dərman bazarında bahalaşma ilə bağlı mətbuatda xəbərlər dərc olunur, problemin qarşısının alınması üçün təkliflər qeyd edilir. Amma nəticə yoxdur. Necə deyərlər "köhnə hamam, köhnə tas". Nəinki narazılıqlara biganə yanaşılır, heç problemin həlli yolunda hər hansı tədbir görülmür.
Gülər Seymurqızı