Bəzi tunellərdə, konsertlərdə, kinoteatrlarda internet niyə işləmir?

Detallara çox varmadan ilk öncə kiçik bir məlumatla başlamaq istərdim. Ceymiz Maksvelin elektromaqnit nəzəriyyəsini sübuta yetirən Henrix Hers(Heinrich Hertz‎)-in şərəfinə periodik tezliyin ölçülməsi vahidi Hers(Hertz) olaraq adlanırıldı. Hers 1 saniyədə yerinə yetirilən əməliyyatların sayıdır. Görünən və görünməyən bütün dalğaların tezliyi Hers ilə ölçülür. Belə bir misalla məsələni daha aydın göstərmək olar. Evimizdəki işıq lampasının, önümüzdəki kompüter monitorunun daim işıqlandığını düşünsək də, əslinə texniki olaraq belə deyil.

Xüsusi hallar mövcud olsa da, bəzi mənbələr insan gözünun əsasən 50-60 Hz-dən yuxarı tezliyi fərq etmədiyini yazır. Mənası budur ki, insan gözü saniyədə 60-dan çox təzələnən görüntünü eyni formada görür. Misal kimi sərinkeşin pərləri sürətli fırlandığında onu bir parça kimi görür vəya qarşımızdakı kompüterin monitoru 120 Hz-lik monitor olarsa, yəni ekran saniyədə 120 dəfə özünü təzələyərsə, gözümüzün 50-60Hz limitini keçdiyi üçün, biz yenilənmənin fərqinə varmırıq və monitordakı görüntünü stabil vəziyyətdəymiş kimi alqılayırıq. Analoji əşyaları da eyni formada fikirləşmək mümkündür.

Gözlə gördüyümüz işıq dalğalarının məntiqindən çıxış edərək, görmədiyimiz dalğalara nəzər salmaq olar. Görünməyən dalğalara misal kimi hamıya bəlli olan dalğa növləri WIFI və GSM-i(Mobil telefonların işlətdiyi sistem) misal vermək istərdim. Əslinə bu dalğalara da görünən işıq dalğaları məntiqi ilə baxsaq, bəzi yerlərdə mobil telefonların və WIFIaparatlarının niyə işləmədiyini aydın formada anlaya bilərik. Necə ki, evimizin, ofisimizin içərisində yanan işıq, ancaq pəncərədən və şəffaf materiallardan keçə bilir və divardan keçə bilmirsə, WIFIvə GSM dalğaları ilə işləyən avadanlıqlar da bir növ divarın digər tərəfinə qalırsa və ona gələn dalğaları görmürsə, deməli WIFIvə mobil telefonlarımız işləməyəcək. WIFI və GSM dalğaları ilə işləyən avadanlıqlar görünən işıqdan fərqli olaraq, bəzi yüngül materiallardan müəyyən nisbətdə keçə bilsə də, qalın beton və divarlardan çox məhdud formada keçir vəya heç keçmir. Bu səbəblə qalın betan divarları olan obyektlərdə və yeraltı tünellərdə, metrolarda GSM dalğaları işləmir. Telefonların tünellərdə və bənzər yerlərdə şəbəkəsinin itməsi, yayınlanan yerüstü GSM antenaları ilə əlaqəsinin kəsildiyi üçündür. Metro kimi əhəmiyyət kəsb edən yerlərdə mobil telefonların işləməsi üçün, yeraltına xüsusi GSM antenalar yerləşdirilir ki, mobil telefonların şəbəkəsinin işləməsi ilə bağlı məhdudiyyət olmasın. Əgər belə bir antena yerləşdirilməyibsə, mobil telefonların şəbəkəsinin işləməsi mümkün deyil.

Eyni mahiyyət WIFI aparatlarına da aiddir. Evin divarları çox qalındırsa, və ya WIFI aparatı qalın beton divarların arxasına qoyulursa, digər otaqlarda WIFI dalğaları ya olmayacaq, ya da çox zəif olacaq. Bəzi materiallardan dalğaların keçmə nisbətini təxmini olaraq aşağıdakı, cədvəldəki kimi qeyd etmək olar:

No description available.

Misal: WiFi siqnal məsafəsi açıq sahədə 400 m olsun. Evimizin 1-ci daxili divarından keçdikdə, 400m x 15% = 60m olacağını görürük. İkinci divardan keçdikdə isə 60m x 15% = 9m. Üçüncü divardan keçdikdə isə 9 m x 15% = 1.35m qədər siqnal məsafəsi olacaqdır.

Bəzən soruşula bilər ki, bəs açıq hava məkanlarına, konsertlərə, filmlərdə də şəbəkə məhdudiyyəti ilə qarşılaşırıq. Buna səbəb nədir? Burada 2 məqamı qeyd edə bilərəm.

1-ci məqam GSM texnologiyasının sektoruna düşən mobil avadanlıq sayının limiti keçməsidir.

2-ci məqam isə, tədbirlərdə və insanların çox toplaşdığı yerlərdə vəya mobil telefonların işlənilməsinin arzu olunmadığı məkanlarda (muzey, kino, teatr, xüsusi tədbirlər, ibadət yerləri və s.) Jammer adlanan siqnal vəya tezlik pozucu cihazların yerləşdirilməsidir. Jammer adlanan tezlik pozucu cihazlar, pozmaq istədikləri siqnal ilə eyni tezlikdə küy(gürültü) istehsal edərək, mobil cihazların normal işləməsinin qarşısını alır. Belə bir misalla daha da aydın izah etmək olar: Tutaq ki, siz planşetinizdə musiqiyə qulaq asırsınız, bu anda yanınızda rok musiqi çalınan böyük bir səs avadanlığı(speaker) qoyulur. Təbii ki, siz planşetdən çıxan musiqini eşitməyəcəksiniz. Jammer də bu üsulla işləyir. Amma bu dalğaları insan qulağı eşitmir və insan gözü görmür. Xüsusi avadanlıqlarla müşahidə etmək mümkündür. Jammer(müxtəlif adları var) adlanan bu cihaz GSM (900MHz, 1800MHz) və WIFI dalğa yayınlarını(2.4GHz, 5.0GHz) blok edə bilir və düzgün çalışmasının qarşısını alır. Təhlükəsizlik xidməti sahələri də bu üsuldan ehtiyac olduğu halda istifadə edə bilər. Uzaqdan müvafiq dalğalar vasitəsi ilə idarəetməsi olan, təhlükəli avadanlıqların işə salınmasının qarşısını almaq üçün də istifadə edilə bilər.

İnformasiya Texnologiyaları üzrə mühəndis-ekspert Bəhruz Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR