Vuçiçi Bakıya gətirən səbəb:

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 20-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Vuçiçin səfəri hər nə qədər işgüzar xarakterli olsa da kifayət qədər diqqət çəkir.

Bu istiqamətdə Metbuat.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfərindən heç bir ay keçməyib. Görünür Vuçiçin azərbaycanlı həmkarının təcrübəsinə və məsləhətlərinə ehtiyacı var.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev - politoloq

"Serbiya və Azərbaycan prezidentlərinin son bir ayda qarşılıqlı səfərlər etməsinin bir çox səbəbi ola bilər, lakin ilk ağlagələn variant mövcud Serbiya-Kosova gərginliyidir. Rəsmi Belqrad Priştina ilə son 10 ilin ən böyük gərginliyini yaşayır. Tərəflər arasında bir müddətdir davam edən avtomobil nömrəsi böhranı noyabrın 21-də Kosovanın ərazisinə daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimə tətbiq edəcəyini açıqlaması ilə pik həddə çatıb".

T.Rzayev deyir ki, Vuçiç yaxşı bilir ki, ehtimal serb-alban silahlı toqquşması Belqrad üçün baha başa gələ bilər. Söhbət rəsmi Belqradın həm beynəlxalq təzyiq ilə üzləşməsi, həm də Avropa Birliyinə üzvlük prosesinin dayandırılmasından gedir.

"Bundan başqa Kosovada NATO-nun sülhməramlı qüvvələri mövcuddur və ora hər hansı genişmiqyaslı hücum həmin qüvvələrlə qarşı-qarşıya gəlmək deməkdir. Serbiya prezidenti Azərbaycan prezidentinə hörmət edir və bu gün özünün üzləşdiyi situasiya ilə onun da üzləşdiyini yaxşı bilir. Vuçiç Azərbaycan prezidentinin Serbiyaya səfəri zamanı “biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik” demişdi. Əslində onun bu sözləri həm də “mən nə etməliyəm?” sualıdır. Görünür Vuçiç artıq bu sualı birbaşa vermək və cavabını öyrənmək üçün ölkəmizə səfərə gəlib".

Politoloq Serbiyanın mövcud gərginliyini sonlandırmasının yollarını xatırlatdı:

"Birinci, rəsmi Belqrad Rusiyanı dəstəkləməkdən imtina etməlidir. Məsələ ondadır ki, Qərb bu məsələdə Kosovoya açıq şəkildə dəstək verir. Bu dəstəyin əsas səbəbi də Serbiyanın Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamasıdır. Belqrad indiki məqamda Rusiyaya qarşı mövqeyini dəyişsə mümkündür ki, Qərb də gərginliyin azalması istiqamətində Kosova hakimiyyətinə təzyiq edə bilər. İkinci, Serbiya Qazaxıstan variantına da əl ata bilər. Söhbət Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən iki dövlət arasında münasibətlərin pisləşdiyi eyforiyası yaratmaqdan gedir. Üçüncü, Prezident İlham Əliyev Vuçiçə Azərbaycansayağı balans siyasətində məsləhət görə bilər. Söhbət Ukraynaya humanitar yardım edib, Rusiyanın işğalını tanımamaqdan gedir. Belə bir addımdan Rusiya tərəfi də narazı qalmaz. Rəsmi Bakı bütün hallarda Serbiya və Kosovaya vasitəçilik missiyasını da təqdim edə bilər. Prinsip etibarilə hər iki ölkə ilə müsbət əlaqələr var".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR