Pakistanın keçmiş baş naziri İmran Xan koalisiya hökumətinin terrora son qoymaq üçün Əfqanıstana hücum etməklə bağlı çağırışını sərt tənqid edib.

Metbuat.az xəbər verir ki, İmran Xan koalisiya hökumətini məsuliyyətsiz bəyanatlar verməkdə günahlandırıb. O bildirib ki, Pakistanın Əfqanıstana hücumu iki ölkə arasında uzun müddətli müharibəyə gətirib çıxaraq. Xan Pakistanda terror fəaliyyətinin qarşısını almaq üçün Əfqanıstan administrasiyası ilə əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, Pakistanın daxili işlər naziri Rana Sanaullah “Taliban” hökumətinə çağırış edərək Əfqanıstandakı “Pakistan Talibanı”na qarşı tədbir görülməsini istəyib. Əks təqdirdə Əfqanıstandakı “Pakistan Talibanı” qruplaşmasına məxsus düşərgələrin hədəfə alına biləcəyini deyib. “Taliban” hökuməti isə Rana Sanaullahın açıqlamalarına etiraz edib. Pakistanın terror qruplaşması kimi tanıdığı “Pakistan Talibanı”nın üzvləri əsasən Əfqanıstanda gizlənib.