Dünən oğlunu evləndirən tanınmış bəstəkar Nailə Mirməmmədli gəlinindən danışdı. ANS PRESS-in məlumatına görə, "Günə Baxan" verilişinin qonağı olan Nailə xanım Cavidanın sevib-seçdiyi Gülanəni 7 ildir öz yanında saxladığını dedi:

"Gülanə yetkinlik yaşına çatandan anası ilə birlikdə bizim evdə mənim yanımda yaşayırlar. Hikmət rəhmətə gedəndən məni tək qoymayıblar. Anası da, özü də hörmətimi saxlayırlar. Mənə bir şey olanda Gülanənin anasının əlləri əsir həyacandan. Xətrimi çox istəyirlər, həddindən artıq qayğıma qalırlar.
Amma bu mənim seçimin olmadı, bu qərarı oğlum özü verdi. Gulya gözümün qabağında olub həmişə, artıq-əskik hərəkətini görməmişəm, ona görə də canla-başla razılaşdım".

Qohum-əqrabamın çoxu bizim bu qərarımızla razı deyildilər. Gülanə yetim qız olduğundan, kasıb olduğundan bizim ailəyə layiq bilmirdilər. Ona görə də toyun tarixini əvvəlcədən heç kimə demədim. Mənə övladımın xoşbəxtliyi vacibdir. Ona görə də qohumlarımın çoxu toyda iştirak etmədi. Ümid edirəm nə vaxtsa bizi başa düşəcəklər".

Bəstəkar xanım müğənni Röyanın toy ərəfəsində ona çox köməklik etdiyini dedi: "Sağ olsun, hər bir işdə mənə dəstək oldu. Xaricdə olsa belə zəng vurub toyun hazırlığı ilə maraqlanırdı. Üzük alanda, restoran seçimində Röyanın məsləhətlərini dinlədim. Ona təşəkkür eləyirəm, sağ olsun!".

Paytaxtın sayılıb-seçilən restoranlarının birində keçirilən toy məclisini müğənnilər Röya Ayxan ilə Abbas Bağırov idarə edib. Nailə xanım toya qonaq qismində dəvət etdiyi müğənnilərin oxumasını istəməyib. "Onlar Hikmətlə məni xalqa təqdim edənlərdir. Bizim mahnılarımızı xalqa çatdıran müğənnilərdir. İstədim ki, mənim məclisimdə yeyib-içib, dincəlsinlər. Bu özlərinin də xoşuma gəldi. Hər birinə öz təşəkkürümü bildirirəm."