Qeydiyyata düşə bilməyənlərin DİQQƏTİNƏ: Bu halda cərimə tətbiq oluna bilər

Xəbər verdiyimiz kimi, DİN-nin yaydığı açıqlamaya əsasən vətəndaşlar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Müraciətə əsasən vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Bu mövzu ətrafında yayılmış suallara cavab olaraq əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-ın suallarını cavablandırıb:

- Elnur müəllim, qanunun tətbiqi vətəndaşların qeydiyyat işini çətinləşdirəcək yoxsa əksinə problemlərə çıxış yolunda köməkçi olacaq?

“Bildiyiniz kimi, bu gün paytaxt Bakıda rəsmi qeydiyyatda olanlarla bərabər qeydiyyatsız yaşayanlar var. Onların da sayı təxminən qeydiyyatlı yaşayanlar qədərdir. Bu gün Bakı və Abşeronda 500 mindən çox çıxarışı olmayan həyət evləri var. Hansı ki, bunların böyük bir hissəsi öz evinə qeydiyyata düşə bilmir.Yeni tikili kifayət qədər kompleks binalar var ki, orada da çıxarış olmadığına görə vətəndaş öz evinə qeydiyyata düşə bilmir. Yeni tətbiq olunacaq cərimələr bu sahədə bir məcburiyyət formalaşdıracaqdır. Amma bunun tətbiqindən öncə vətəndaşların qeydiyyat problemi aradan qalxmalıdır. Vətəndaşların mənzillər çıxarışla təmin olunmalıdır. Çıxarış verilmədiyi təqdirdə, vətəndaşın öz ünvanına qeydiyyata düşmək məsələsi həll edilməlidir. Daha sonra həmin o məcburiyyət və cərimə məsələləri tətbiq oluna bilər”.

- Kirayədə yaşayan vətəndaşların həmin mənzilə qeydiyyata düşməsi ev sahibləri üçün bir qədər çətin veriləsi qərarlar sırasındadır. Belə olan halda vətəndaşlar nə etməlidir?

“Bu gün paytaxt ərazisində yetəri qədər bölgələrdən gəlib işləyən insanlar var ki, kirayələrdə qalırlar. Onların da böyük əksəriyyəti ucuz həyət evlərində yaşayırlar ki, həmin həyət evlərinin də çıxarışı olmadığına görə yenə də onları qeydiyyata sala bilməyəcəklər. İkincisi, mənzil sahibləri də maraqlı deyil ki, kirayəçini öz evinə qeydiyyata salsın. Çünki vətəndaşın əgər bir ünvanda qeydiyyatı olursa, artıq həmin əmlakı satışa çıxarılıb satılanda mütləq şəkildə onun evində qeydiyyatda olan hər kəsin razılığı olmalıdır. Əgər satışla bağlı o şəxslər razılıq verməsə, şəxs öz evini sata bilməz. Paytaxta hər il 10 minlərlə bölgələrdən gələn tələbələr var ki, təbii ki, ilk olaraq onların da qeydiyyat prosesi asanlaşmalıdır. Vətəndaş öz evinə düşə bilmirsə, rahat şəkildə gedib polis qeydiyyatına düşməlidir. Elə DİN-nin açıqlamasında da bu prosesin artıq nəzarətə götürüldüyü və məsələlərin tez bir zamanda həll ediləcəyinə inanmaq olar”.

- Bu qanunun tətbiqi çıxarışı olmayan mənzillərin sənədləşməsinə təsir edəcəkmi?

“Əlbəttə, yeni tikili binalar tikilib, hazır olduqdan sonra aidiyyəti bütün orqanlardan sənədlər toplanılıb sənədləşmə prosesi yekunlaşmalıdır. Əgər bu tikintiyə dövlət orqanı razılıq veribsə, nəyə görə qeydiyyata alınmır? Çıxarış verilmir. Çıxarış verilmirsə, ünvan verilməlidir, həmçinin fərdi evləri, bütün kommunikasiya xətləri olduğu halda niyə çıxarış verilməsində problem yaranır?. Vətəndaş istəyir ki, öz yaşadığı evinə qediyyata düşsün. Bu halda vətəndaş məcbur olub məhkəmə yolu ilə qeydiyyata düşür. Əgər məhkəmə bu işin xeyrinə qərar verirsə, demək ki, o işin düzəlmə tərəfi var. Əgər bunun düzəlmə tərəfi varsa, vətəndaşlar niyə aylarla məhkəmələrdə get-gəl edib yollarda qalmalıdır?. Bu kimi belə cavabsız suallar var ki, yəni bunların həlli yolları birinci asanlaşmalıdır, bundan sonra artıq digər məsələlər, düşünürəm ki, öz həllini tapa bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR