"Deyirdilər get alətini çal, çörək pulunu qazan, sənin elmdə nə işin var" -

Sənəti dünya boydadır… Onunla hər söhbətimiz mənim üçün bir dərsdir. Çünki o həm müəllim, həm musiqiçi, həm də tədqiqatçı-alimdir. Hətta həmkarıq deyə bilərik. Çoxsaylı tamaşaçılar onu Azərbaycan Televiziyasında yayımlanan “Yallı”, “Xəzinə” və s. musiqi janrında olan verilişlərdən də tanıyır.

Bir sözlə, həmsöhbətim sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Hacı Abbasqulu Nəcəfzadədir. O, 1 dekabr 1957-ci ildə Xızıda dünyaya gəlib. 53 və 16 nömrəli orta ümumtəhsil uşaq musiqi məktəblərini, Sumqayıt Musiqi Texnikumunu (hazırda Sumqayıt Musiqi Kolleci) və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976-cı ildən etibarən musiqiçi, instrumentalçı, pedaqoq, həm də müxtəlif ansamblların rəhbəri kimi çalışır. 80-ə yaxın çalğı alətindən ibarət zəngin şəxsi kolleksiyası var. Abbasqulu Nəcəfzadənin layihəsi əsasında ərğənun, kos, qolça qopuz, əlvah və yaylı qopuz kimi qədim çalğı alətlərimiz bərpa olunub. Mən onun kimi milli çalğı alətlərimizin tarixini dərindən bilən ikinci bir sənətçi görməmişəm. O eyni zamanda 100-dən artıq elmi məqalənin, 10-dan çox kitabın müəllifi, müxtəlif tədris proqramlarının tərtibçisidir. Qeyd etmək yerinə düşər ki, 2022-ci il dekabrın 28-də Abbasqulu müəllimin 65 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində böyük təntənə ilə qeyd edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvü olan Abbasqulu Nəcəfzadəyə hörmətli ziyalımız Bəybala Mirzəyev tərəfindən Milli Həmrəylik Partiyasının Fəxri Diplomu da təqdim edilib.

(Foto: 28 dekabr 2022-ci il, Beynəlxalq Muğam Mərkəzi, Abbasqulu Nəcəfzadənin 65 illik yubiley tədbiri).

Eyni zamanda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 2022-ci il dekabrın 30-da yubilyarla görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib. Millət vəkilimiz Abbasqulu Nəcəfzadənin uzun illərdir elm və sənəti qoşa qanad kimi daşıdığını, habelə qədim musiqi alətlərinin tədqiqi, bərpası sahəsində qeyri-adi işlərə imza atdığını özəlliklə qeyd edib. Ümid edirəm oxuculara təqdim etdiyim bu müsahibə Abbasqulu müəllimi bir sənətkar olaraq hərtərəfli kəşf etməyə kömək edəcək.

(Foto: Azərbaycan Milli Konservatoriyasında Abbasqulu Nəcəfzadə ilə görüş. Görüşdə Abbasqulu müəllimin 40 illik dostu xanəndə-müğənni Alim Aslanoğlunu da iştirak edir. 2017-ci il).

- Abbasqulu müəllim özünü qısaca necə təqdim edə bilər?

- Öncə ifaçıyam, çünki bu böyük sənət dünyasına ifaçı kimi gəlmişəm. Bilirsiz mənim ana alətim, yəni ilk öyrəndiyim alət kamança olub. Ondan sonra digər alətləri də mənimsəmişəm, yəni bir birindən fərqli olan, deyək ki, mizrabla çalınan telli alətlərimiz var, onların da hər birinin özünün problemləri var. Tutaq ki, zurnanı çaldığın kimi balabanı, tütəyi o şəkildə ifa etmək düzgün deyil, hər birinin spesifik xüsusiyyətləri var, onları mənimsəmişəm. Bu uzun bir söhbətin mövzusudur... Yəni Abbasqulu Nəcəfzadə deyəndə ilk ifaçı yada düşür. Sonra Abbasqulu Nəcəfzadə elmi fəaliyyətlə məşğul olub. Ondan əvvəl isə pedaqoji fəaliyyətim olub. 2021-ci ildə mənim pedaqoji fəaliyyətimin 45 ili tamam olur. Bundan başqa elmi fəaliyyətim də var, sənətşünaslıq elmləri doktoruyam, professoram, 40-dan artıq kitab tədris proqramları, metodik tövsiyələr tərtibçisi olduğum kitablarım var. Hər il ən azı 2-3 dənə müxtəlif səpkili elmi əsərlər, kitablar hazırlayıram. Melomanlıq fəaliyyətim də var. Bəziləri bəstəkar deyir amma mən özümə bəstəkar demirəm. 60-dan artıq musiqilərin, melodiyaların müəllifiyəm. Bunların arasında pyeslər, kiçik həcmli əsərlər, mahnılar, rənglər, təsniflər də var. Deyilənə görə bəyənilir. Sırf bu sahə ilə məşğul olmuram. Hərdən duyğularım məni tərpədəndə, bir də görürsən hansısa şeir xoşuma gəlir, ağlıma bir melodiya gəlir. Bax bu cür bəstəçilik fəaliyyətim də var. Abbasqulu Nəcəfzadəni qısaca belə təqdim etmək olar.

(Foto: Professor Abbbasqulu Nəcəfzadənin müəllifli olduğu və 2016-cı ildə musiqi təmayüllü ali məktəblər üçün çap olunmuş “Etnoorqanologiya” adlı dərslik).

- Fəaliyyətinizdə daha çox xalq yaradıcılığına meyillisiniz nəinki müasir estradaya...

- Bilirsiz, mən hələ uşaq vaxtlarımdan bəstəkar Nazim Nağıyevin rəhbərlik etdiyi “Qırmızı qərənfil” məktəblilər ansamblında kamança ifaçısı kimi çıxış edirdim. Sonra rəhmətlik Yusif Heydərovun rəhbərlik etdiyi “Təranə” gənclik ansamblında ifa etmişəm. Bu illərdə mən kamança ilə yanaşı, digər alətlərdə də ifa etməyi mənimsəmişəm. Bizim ailədə qardaşlarım müxtəlif alətlərdə ifa edirdilər. Məndə bu alətlərə də həvəs yaranırdı, götürürdüm hərdənbir səsləndirirdim, belə-belə artıq o alətləri də öyrəndim. 1979-cu ildə Xalq artistimiz Baba Mahmudoğlu ilə, Allah ona rəhmət eləsin, toy şənliyində iştirak etdik. Mən kamança, zurna, tütək və balabanda çalırdım. Baba müəllimin də çox xoşuna gəldi. Sanki axtarışda imiş kimi sonra mənə dedi ki, səninlə söhbətim var. Müəyyən vaxt keçdi, görüşdük. “Mən istəyirəm bir folklor ansamblı yaradım. Bax elə sən mənə lazım olan adamsan. Ansambla rəhbərlik etmək işində köməyin lazımdır. Ansambl milli geyimlər, milli alətlərdən ibarət olacaq”, - dedi. O dövr əcnəbi alətlər dəbdə idi. Gitara tarı, skripka kamançanı sıxışdırmışdı. Avropa alətlərinə həvəs güclənmişdi. Milli formada, milli ansamblla çıxış eləmək bir qədər birmənalı qarşılanmırdı. Çoxları elə düşünürdü ki, biz keçmişə meyilliyik. Yəni Avropaya inteqrasiya etdiyimiz bir zamanda ansambl niyə X-XV əsrlərə aid çalğı alətlərində ifa edir? Baba müəllimlə həmin “Dastan” folklor ansamblına musiqiçilər topladıq. Ansamblın özəyini də qardaşlarım təşkil edirdi – İlham, Məhərrəm və Mehdi. Dörd qardaş birləşdik dostlarımızı da dəvət edərək gözəl bir ansambl hazırladıq. Xülasə, sualınıza bu cür cavab verə bilərəm - bəli, təbii ki. Amma bu o demək deyil ki, mən avropa alətlərinə qarşıyam. Dediyim kimi, musiqi məktəbində biz avropa bəstəkarlarının əsərlərini ifa edirdik. Ondan sonra Sumqayıt Musiqi Texnikumunda (red. hazırda Sumqayıt Musiqi Kolleci) həmçinin. Texnikumu qırmızı diplomla bitirmişəm. Hər yerdə əla qiymətlərlə oxumuşam. Konservatoriyada da mütləq və mütləq biz dünya bəstəkarlarının əsərlərini ifa edirdik. Kollektivlərə gəlincə isə tanınmış bəstəkarımız Rasim Müzəffərlinin rəhbərlik etdiyi “Ozan” estrada qrupu var idi. Onlarla da əməkdaşlıq edirdim. Burada əsasən estrada mahnıları ifa olunurdu. Deyilənə görə, mən də onların musiqiyə olan tələbatını ödəyirdim. İstənilən mahnıda mənə yer verilirdi. Təbii ki, öz milli alətlərimiz də həmçinin. Əksər mahnıları da Rasim müəllim özü bəstələyirdi, öz mahnılarını ifa edirdi. Belə.

(Foto: Xalq artisti Baba Mahmudoğlunun rəhbərlik etdiyi “Dastan” folklor ansamblı. Ansambla ifa edirlər qardaşlar - kamançada Abbasqulu Nəcəfzadə (soldan üçüncü), neydə İlham Nəcəfov (ən sağ tərəfdə), qoşqar rübabında Məhərrəm Nəcəfzadə (mərkəzdə) və başqaları. Bakı, 1979-cu il).

(Foto: Görkəmli klarnet ifaçısı Ələkbər Əsgərovun yaratdığı "Dügah" folklor ansamblı. Ansamblın üzvləri arasında nağara ifaçısı Səlim Quliyev (soldan ayaqüstə birinci), Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni (soldan ayaqüstə ikinci), Abbasqulu Nəcəfzadə və başqaları yer alır).

(Foto: Azərbaycan Televiziyasında yayımlanan “Dalğa” proqramında “Qardaşlar kvarteti” haqqında ilk tele-süjetin çəkilişi. Soldan - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi kafedrası”nın müdiri, Xalq artisti, bəstəkar S. Ələsgərov, ''Dalğa'' verilişinin aparıcısı Osman Mirzəyev, verilişin redaktoru S. Bədirxanov. Arxada ortada verilişin rejissoru A. Salamov və Kvartet üzvləri Abbasqulu Nəcəfzadə, Məhərrəm Nəcəfzadə, Mehdi Nəcəfzadə və İlham Nəcəfov. Foto operator Bəxtiyar Babayevin şəxsi arxivindəndir. 17.04.1988-ci il).

- Belə demək mümkünsə sizin elmi fəaliyyətinizlə yaradıcı fəaliyyətiniz paralel gedir...

- Tamamlayır, bəli...

- Elmdən əldə etdiyiniz bilikləri yaradıcılıqda tətbiq edirsiniz. Bu sizin öz seçiminizdi, yoxsa elm və yaradıcılığa olan marağınızı vəhdət şəklində davam etdirməyi tərcih edirsiz?

- Baxın, bu yaxınlarda Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin dirijoru Faiq Sadıqov zəng eləmişdi. Dedi sənin bir iki alətin var ki, onları orkestrdə istifadə etmək istəyirik. İndi alətlərim onlardadı. İstifadə edirlər. Faiq müəllim Texnikumda “Azərbaycan çalğı alətləri ilə tanışlıq” fənnindən bizə dərs deyirdi. Musiqi alətlərinə marağı bizə o öyrədib. Həmin çalğı alətləri ilə tanış olanda, əksəriyyəti artıq evimizdə var idi. Mən qardaşlarımla bu alətləri həm toplayır, həm də praktiki olaraq səsləndirirdik. O illərdə məndə maraq yarandı. Elmə də insanda maraq nədən yaranır? Müəyyən fikirlərə qarşı müqavimət yaranan zaman. Tutaq ki, oxuyursan, deyirlər belədi amma sən fikirlərşirsən ki, burda düz yazılmayıb, bu elə deyil belə olmalıdır. Bu maraq insanı çəkəndə artıq o, elmə üz tutur. Mənim də Texnikumda oxuduğum zaman razılaşmadığım məqamlar olurdu və müəllimlərə də deyirdim ki, müəllim, bəs bu elə deyil belədir. Onlar da qalırdı belə... Deyirdilər sən də düz deyirsən amma belə yazılıb. Deyirdilər sən böyüyərsən onları düzəldərsən. Elə oldu ki, doğrudan da bir çox problemlərin istər namizədlik işimdə, istər doktorluq işimdə həllini tapdım. O ki qaldı elmə necə gəlməyimə, bunun da bir maraqlı tarixçəsi var. Mən musiqi texnikumunu bitirdikdən sonra Konservatoriyaya daxil oldum. Orada da Ramiz Mirişli, Rafiq İmrani, Süleyman Ələsgərov kimi ustad sənətkarlardan dərs almışam. Süleyman Ələsgərovun sinifində dirijorluq ixtisası üzrə təhsil almışam. Konservatoriyanı əla qiymətlərlə bitirdim və elmi fəaliyyətimi davam etdirmək istəyirdim. O vaxtı çox böyük müqavimət var idi, ki, xalq çalğı alətləri ifaçısı elmi işlə məşğul ola bilməz. Yəni elmdən uzaqlaşdırırdılar. Deyirdilər get alətini çal, çörək pulunu qazan, sənin elmdə nə işin var... Bilmirəm nəyə görə, bu gün də yenidən həmin müqavimət baş qaldırıb. Bu gün də, tutaq ki, tar, kamança, qarmon, balaban çalan şəxs elmi fəaliyyət göstərmək istəyirsə deyirlər ki - yox olmaz, bununla ancaq musiqişünas məşğul olmalıdır. Mən isə sübut eləyirəm, indi də deyirəm ki, işin praktik tərəfini bilmək vacibdir. Tutaq ki, musiqişünas kamançadan yazır amma kamançanı səsləndirə bilmirsə, o heç vaxt bu problemləri görməyəcək. Ona görə də onun kamançadan yazdığı da yarımçıq olacaq. Bu gün bizim kamançaçalan alimlərimiz var hansıkı elmlə məşğuldur. Kamança ifaçıları varki müxtəlif istiqamətlərdən mövzu gütürürlər, dissertasiya işi yazırlar və gözəl işlər ortaya qoyurlar. Amma heç bir musiqişünas onların gördüyü işi görə bilməz, çünki praktiki olaraq aləti bilmir. O həkim güclü olur ki o, xəstəliyi özü keçirmiş olsun. Ondan sonra o həmin sahədə daha güclü mütəxəssis olur, çünki praktiki bu xəstəliyi yaşayıb. Musiqidə də elədi. Hər hansı bir alətin ifaçısı olan şəxs daha gözəl iş yaza bilir. Təəssüf ki, yenə də, bu gün də, mənim tələbəlik illərimdə olduğu kimi, xalq çalğı alətləri ifaçılarına, hətta xanəndələrə böyük bir qısqanclıq var. Tanıdığım adamlar var, opera səhnəsinin artistidir, Xalq artistidir ona deyirlər sən artistsən, professor adı da almısan, sənin elmdə nə işin var. Halbuki bu adam səhnədə gördükləri problemləri dilə gətirir. Yaşayıb, bütün o rolları səhnədə oynayıb. Tutaq ki, qadın ifaçıdı, qadın rolları haqqında dissertasiya işi yazır və, gördükləri problemləri yazır, həlli yollarını göstərir. Deyirlər - yox, sənə olmaz, sən get oxumağınla məşğul ol, başqası da bunu bilmir axı! Bu yaşayıb, səhnədə püxtələşmiş adamdı, səhnədən elmə gəlib. Mənim fikrimcə məhz onların işi daha mükəmməl olur. Mən bu alətlərin bütün qruplarını praktiki olaraq mənimsəmişəm. Təbii ki, orada olan problemləri daha gözəl görürdüm və dissertasiya işlərimdə də bunlar öz həllini tapır.

(Foto: Professor Abbasqulu Nəcəfzadə ATV Telekanalında yayımlanan “ATV Səhər” verilişinə “Milli musiqi alətlərimizdə mövcud problemlərin həlli” mövzusunda müsahibə verir. 2016-cı il).

- Siz həm nəfəsli alətlərdə həm simli alətlərdə mükəmməl ifa edirsiniz. Həmçinin bu alətləri dərindən tədqiq edirsiniz. Özünüzü bir alim, yoxsa musiqiçi kimi görürsünüz? Ümumiyyətlə, arzuladığınız məqama çatmısınız?

- Xeyir. Bu gün yazdıqlarım, fəaliyyətim sabahkı gün məni qane eləmir. Sabah deyirəm ki, dünən elə idi bu gün belə olsa daha yaxşıdı. İnsan gündən günə inkişaf edir. Götürək mənim “Azərbaycan nəfəs alətləri. Orqanoloji-tarixi tədqiqat” adlı namizədlik işimi. Bu iş Türkiyədə çap olunması üçün türk dilinə tərcümə edilir. O zaman nə dosent, nə də professor idim. Amma bugünkü yanaşma ilə deyirəm ki, hə, burda bunu belə yazmalı idim. Çünki məndən asılı olmayan səbəblər də var. 20 – 25 il bundan əvvəlki fikirlər sonradan yeni yeni tədqiqat əsərləri sayəsində dəyişə bilir. Bu gün deyilən fikir sabah öz əhəmiyyətini itirə bilir. Elmdə belədir. Hətta ali attestasiya komissiyasının əsasnaməsində də bu göstərilir ki, son 5-10 ilin elmi mənbələrinə istinad eləmək lazımdır, eyni əsər sonradan redaktə olunub çap olunubsa sənin əvvəlki əsərə istinad eləməyə ixtiyarın yoxdu. Buna görə irad tuturlar. Ona görə, təbii ki, ölənə kimi fəaliyyətdəyik və həmişə də axtarışda olmalıyıq. O ki qaldı bu sahələrə, əgər mən səhnədəyəmsə, mənim pedaqoji fəaliyyətim, elmi fəaliyyətim, bəstəkarlıq fəaliyyətim onlar hamısı kölgədə qalır. Mən, əlimdə alət, ifaçıyam. Fərqi yoxdu zurna olsun, balaban olsun, tütək olsun, kamança olsun. İfa edirəmsə mən o anda artıq ifaçıyam. Alimliyimin ona heç bir aidiyyatı yoxdur. Amma hardasa bir elmi konfransda iştirak edirəmsə elmi mövzuda elmi çəkidə tədqiqat gedirsə, orada artıq mənim o ifalarım qalır kənarda. Orada artıq alim kimi fikrimi deyirəm. Bax belədir.

- El şənliklərində daima iştirak edirsiniz. Həmin yerlərdə peşəkar ifa baxımından özünüzə qarşı tələbkarlığı qoruyursunuz yoxsa daha azad şəkildə ifa edirsiniz? Toylarda ab-hava başqa olur yoxsa?

- Harda olur olsun özümdə məsuliyyət hiss edirəm. O insan ki bizi məclisinə dəvət edib, sənətimizə etibar edib, orada heç bir bayağı ifalar, necə deyirlər xaltura olmaz, məni tanıyanlar da, musiqiçi yoldaşlarım da bunu bilir. Hətta deyirlər ki, gedirsən özün bir yana bizi də həlak eləyirsən, çay içməyə də qoymursan. Deyirəm adam gəlib xahiş edir, mən nə deyim? Deyim sən otur, qoy çay içim dincəlim? Çayı sonra da içərik. Yəni məndə o məsuliyyət var. Ümumiyyətlə başqa janrlarda da, aşıq sənətində də, meyxana sənətində də belədir. Bizi xalq dolandırır, xalq yaşadır... Əgər xalq etibar eləyib bizə evinin ən gözəl yerində yer verir, ən gözəl yeməkləri qarşımıza qoyursa bundan böyük xoşbəxtlik yoxdur. Ona görə mən həmişə Azərbaycan musiqiçilərinə deyirəm ki, siz xoşbəxtsiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz, yəni Azərbaycan xalqı həmişə sənətkarının qədir-qiymətini bilir. Bəzən fikirləşirəm, bizim Abşeron zonası, daha sonra aşıq sənəti ilə bağlı - Qazax, Tovuz zonasında hər bir evdə mütləq bir saz, bir aşıq var. Yaxşı, bu sənətə bu qədər meyil nədəndir? Başa düşürsən ki, xalqın sevgisindəndir. Aşıqların belə bir söz var - aşıq yalnız günortaya qədər ac qala bilər, günorta onu kimsə mütləq məclisinə aparacaq. Görərsən ki, üç-beş nəfər oturub deyəcək ki, bizim üçün ifa et, zövqümüzü oxşa. Cibinə pul da qoyacaqlar, qarnı da tox olacaq. Bunları təbii ki, məcazi mənada deyirəm. Biz xoşbəxtik ki, Azərbaycan xalqının övladlarıyıq və Azərbaycan xalqına xidmət edirik. Çünki xalqımızın sənətkarına belə yüksək dəyər verir.

(Fotolar: Professor Abbasqulu Nəcəfzadə Əməkdar inşaatçı Mahmud Abdullayevin oğlu Rövşənlə dövlət və ictimai xadim Bədirxan İsmayılovun qızı Növrəstənin toyunda iştirak edir. Gürcüstan, Kosalı kəndi, 27 oktyabr 1987-ci il).

- Digər ölkələrdə yaşayan azərbaycanlıların el şənliklərində hansı fərqi hiss etmisiniz? Məsələn, Gürcüstanda və s.

- Tək Gürcüstan deyil, tutaq ki, Özbəkistanda da azərbaycanlılar yaşayır, İranda da yaşayır. Onlarda bəyəndiyim belə bir söz var, deyirlər biz din içində din, dil içində dil bəsləyirik. Yəni başqa xalqların arasında dilimizi, dinimizi qoruyuruq. Doğrudan bu böyük qəhrəmanlıqdır, ki, ailədə uşaqlara da ana dilini öyrədirlər. Mən tək Gürcüstanı demirəm, istənilən Azərbaycan ailəsində. Olanlar Azərbaycandan kənarda bizim musiqimizə, dilimizə, dinimizə daha çox bağlıdırlar. Azərbaycanın içində bu adidir, amma kənarda onlar üçün bir çox problemlər yaranır. İstər tədris olsun, istər musiqi mədəniyyətini qoruyub saxlamaq çətindir, amma buna baxmayaraq bu çətinliyin öhdəsindən gəlirlər və mən onların hər birini alqışlayıram, var olsunlar.

Mahmud Rövşənoğlu, telejurnalist


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR